TƏBİİ FƏLAKƏT ALMANİYANI SINAĞA ÇƏKİR
Hamburq, Bremen, Şlezviq Holştayn federal əyalətlərində qasırğa külək çay, dəniz və göllərdə suyu təlatümə gətirərək məcrasından çıxarmış, güclü daşqınlar törətmişdir.
Şimal və Baltik dənizləri sahillərinə yaxın ada və yarımadalardakı yaşayış məntəqələrini su basmışdır. Qasırğa iri ağacları kökündən qopararaq avtomobil və dəmir yol magistrallarına aşırmış, maşın karvanlarının və qatarların hərəkətinə ciddi maneələr yaratmışdır. Daşqınlar nəticəsində körpülər zədələnmiş, gəmilərin naviqasiyasında ciddi problemlər əmələ gəlmişdir.
Maliyyə və sığorta qurumlarının hesablamalarına görə, yalnız Şlezviq Holştayn federal əyalətində zərər çəkmiş 4000-dən artıq həyət və evin, körpü, elektrik enerjisi qurğularını və rabitə xidməti obyektlərini bərpa etmək üçün çəkiləcək sığorta bərpa xərcləri bir neçə milyon avronu ötüb keçmişdir.
Ekoloqlar təşvişlə xəbərdarlıq edirlər ki, qasırğalı iqlim Almaniyanın şimalından cənub-şərq istiqamətinə, ölkənin Bavariya, Baden Vürttemberq, Hessen, Raynland Pfalts əyalətlərinə doğru irəliləmədədir. Ehtimal olunur ki, yaxın günlərdə dağıdıcı qasırğa bu bölgələrdə də öz gücünü göstərəcəkdir.