Təcrübə və təqaüd proqramları layihəsinin açılışı olub
Bakı, 10 noyabr, AZƏRTAC
Təcrübə və təqaüd proqramları layihəsinin açılışı olub.
Layihənin rəhbəri Şahin Sərdarlı AZƏRTAC-a bildirib ki, təcrübə və təqaüd proqramları layihəsi Azərbaycanda ilk dəfə həyata keçirilir. Proqram təcrübəçi ilə müəssisə arasında təcrübə təminatçısı rolunu oynayacaq. Layihənin məqsədi tələbə gənclərin fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına dəstək olmaq, eləcə də müəssisələrin kadr potensialını zənginləşdirməkdən, dövlətimizə və cəmiyyətimizə faydalı olacaq mütəxəssislərin yetişməsinə və dövlətin gənclər siyasətinə töhfə verməkdən ibarətdir.
Layihə çərçivəsində gənclərin praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində elan ediləcək təcrübə proqramında tələbə və gənclərin təcrübə keçəcəyi müəssisəyə məvacib ödənilməsi də nəzərdə tutulub.
Açılış tədbirində qeyd olunub ki, proqramın fəaliyyət istiqaməti çoxşaxəli olsa da, konkretdir. Müxtəlif müəssisələrlə bağlanılacaq müqavilələrə əsasən aktiv təcrübə proqramları elan ediləcək, qeydiyyat prosesi həyata keçirildikdən sonra təcrübəçinin istəyinə uyğun olaraq günün birinci və ya ikinci yarısı üçün qruplara bölünərək təcrübə proqramına başlanılacaq. Təcrübə müddətində gənclər əsl iş prosesinin içində olacaq, müvafiq sahə üzrə yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq layihələrdə və əməliyyatlarda iştirak edəcəklər.
Sonda təcrübəçiyə proqramı müvəffəqiyyətlə başa vurmasını göstərən sertifikat veriləcək.