Təhlükədən qorunmaq üçün hamı vaksinasiya prosesində iştirak etməlidir
Bakı, 13 avqust, AZƏRTAC
Ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox sahələrdə, o cümlədən səhiyyə sahəsində aparılan uğurlu islahatlar, tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları, həyata keçirilmiş qabaqlayıcı tədbirlər COVID-19-la mübarizədə öz effektiv təsirlərini göstərməkdədir. Həyatımızı, sevdiklərimizi, gənclərimizi və körpələrimizi qorumaq üçün vaksinasiya prosesində iştirak etməliyik.
Bu barədə AZƏRTAC-a AMEA Dendrologiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Dendrologiya İnstitutunun doktorantı, elmi işçi Vüsalə Bədəlova vurğulayıb ki, ölkəmizə gətirilmiş vaksinlər dünya səviyyəsində təcrübədən keçirilib, dəfələrlə yoxlanılaraq vətəndaşlarımızın sağlamlığını qorumaq üçün istifadəyə verilib.
Onun sözlərinə görə, Dendrologiya İnstitutunda antibakterial xüsusiyyətlərə və sedativ təsirə malik 100-dən çox bitki növü yetişdirilir. Tədqiqat sahələrində bu bitkilərin təbii yolla çoxaldılması ölkəmizdə biomüxtəlifliyin artırılmasına səbəb olmaqla yanaşı, dərman bitkilərinə olan tələbatın qarşılanmasına da imkan verir. Belə bitkilərdən biri də sediativ təsirə malik olan Passiflora İncarnata L növüdür. Növün introduksiyasına 2018-ci ildən Dendrologiya İnstitutunun eksperimental təcrübə sahəsində başlanılıb və tədqiqat işi uğurla həyata keçirilir. Bitkidən hazırlanan preparatlar yuxusuzluqda, nevrosteniyalarda, panik atak, əndişə pozuntusu, autizm, epilepsiya kimi xəstəliklərdə geniş tətbiq olunur. Xammal kimi bitkinin yerüstü hissəsindən istifadə olunur.
Passiflora İncarnata L zəngin tərkibə malikdir. Bitkinin tərkibində alkaloidlər, flavanoidlər, polisaxaridlər, kumarinlər, az miqdarda efir yağları, mineral duzlar, C vitamini və s. var. Tərkibində olan passiflorin və harman alkaloidi sinaps boşluqlarında monoaminlərin artmasına səbəb olur. Məhz monoaminlər - noradrenalin, serotonin, dofamin nəticəsində P.İncarnata antidepressant effekti yaradır.
Qeyd olunan klinik effektlər bitkinin tərkibində olan bioloji aktiv maddələrin qamma amino yağ turşularının təsiri nəticəsində baş verir, nəticədə beyin hüceyrələri reseptorlarının qıcıqlanması zəifləyir, yuxugətirici effekt yaranır. Sakitləşdirici və anksiolitik təsirə malik P.İncarnata ekstraktı istifadə üçün ideal vasitədir.