TƏHLÜKƏLİ CİNAYƏTKAR DƏSTƏ İFŞA OLUNMUŞ, BANDANIN BAŞÇISI HƏBS EDİLMİŞDİR
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, 1996-cı ildən Bakı şəhərində xeyli cinayət əməli törətmiş paytaxt sakinləri Laçın Aydınovun və Əli Kərimovun başçılıq etdikləri, onlarca üzvü olan təhlükəli cinayətkar dəstə həyata keçirilmiş birgə istintaq-əməliyyat tədbirləri nəticəsində ifşa olunmuşdur.
Külli miqdarda qanunsuz qazanc əldə etmək məqsədi ilə yaradılmış bu banda tərəfindən uzun müddət ərzində qətllər, banditizm, quldurluq, hədə-qorxu ilə tələbetmə, adam oğurluğu, qanunsuz azadlıqdan məhrumetmə və bu kimi digər ağır, eləcə də xüsusilə ağır cinayətlər törədilməsi müəyyən edilmişdir.
1997-ci ilin yanvar ayında həmin dəstənin başçılarından olan Laçın Aydınovdan cinayətkar məqsədlər üçün avtomaşın əldə etmək tapşırığı alan banda üzvləri İlham Kərimov və Valeri Koravçuk metronun “Xətai” stansiyasının qarşısında vətəndaş Rövşən Cahangirovun taksi kimi idarə etdiyi “VAZ-2106” markalı avtomaşınına müştəri qismində əyləşərək Əhmədli qəsəbəsi ərazisində basqınla onu ələ keçirmişlər.
Həmin ilin yaz aylarında isə Laçın Aydınovun özü metronun “Məşədi Əzizbəyov” stansiyasının qarşısında eyni üsulla vətəndaş Vidadi Cəfərovun taksi kimi istifadə etdiyi “VAZ-2106” markalı avtomaşınına əyləşib Sabunçu qəsəbəsində ona basqın etmişdir. Laçın Aydınov atəş açmaqla sürücünü yaralamış, lakin zərərçəkənin ciddi müqavimətinə rast gəldiyindən hadisə yerindən qaçmışdır.
2000-ci il yanvarın 10-da axşam saat 21 radələrində Laçın Aydınov banda üzvləri ilə birgə, mənfəət məqsədi ilə vətəndaş Ceyhun Kərimovu oğurlamaq üçün onun yaşadığı binanın həyətinə gəlmişdir. Qarajın qapısında dayanmış Ceyhun Kərimova özlərini polis işçiləri kimi təqdim edən banda üzvləri dəyənəklə ona zərbələr vurmuş və “Makarov” tipli tapança ilə hədələyərək, guya polis şöbəsinə getməli olduğunu bildirmişlər. Bu zaman onlar tapançadan havaya atəş də acmış, Ceyhun Kərimovu oğurlayıb aparmağa cəhd göstərmişlər. Ancaq sonuncunun ciddi müqaviməti ilə rastlaşdıqlarından, habelə yaranmış səs-küyə vətəndaşların toplaşması ilə əlaqədar törətmək istədikləri cinayəti başa çatdıra bilməyərək hadisə yerindən qaçmışlar.
Öz cinayətkar əməllərini davam etdirən Laçın Aydınov 2001-ci il fevralın 28-də vətəndaş Ramil Bayramovun həyətinə gəlmişdir. Sonuncu avtomaşını qaraja salmaq istərkən Laçın Aydınov içəri daxil olaraq qapını örtüb tapança və elektrik şokedicisi ilə ona basqın etmişdir. Sonra öldürməklə hədələmiş, qoluna qandal keçirərək avtomaşına əyləşdirib oğurlamağa cəhd göstərmişdir. Lakin Ramil Bayramovun da ciddi müqaviməti ilə rastlaşdığından cinayətkar niyyətini həyata keçirə bilməmişdir.
1996-cı ildən bəri törətdikləri çoxsaylı ağır və xüsusilə ağır cinayətlərə görə Laçın Aydınovun başçılıq etdiyi banda üzvlərinin əksəriyyəti cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuşdur. Həmin bandanın fəal üzvü olan İlqar Əliyev 2003-cü il sentyabrın 30-da Dağıstan Respublikasının ərazisində, Laçın Aydınov isə noyabrın 8-də Bakı şəhərində tutulmuşlar. Onun yaşadığı mənzildən bu cinayətkar dəstəyə məxsus 3 ədəd tapança, bir ədəd avtomat, həmin silahlar üçün xeyli sursat, sandıqca, habelə bir ədəd qumbara və sair götürülmüşdür.
Laçın Aydınov banditizm, ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə, qanunsuz olaraq azadlıqdan məhrumetmə, quldurluq, adam oğurluğu, hədə-qorxu ilə tələbetmə, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, qanunsuz olaraq odlu silah daşıma, gəzdirmə, saxlama, habelə nəqliyyat vasitələrini qaçırmaq əməllərini; İlqar Əliyev isə adamöldürmə və adam oğurluğu istisna olmaqla, yuxarıda sadalanan bütün cinayətləri dəfələrlə törətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişlər.
Zərərsizləşdirilmiş banda üzvlərindən odlu və soyuq silahlar, döyüş sursatları, optik nişangahlar, polis geyim formaları, qandallar, elektrik şokedici qurğular, ratsiyalar və xüsusi səs siqnalları çıxaran cihazlar, saxta dövlət nömrə nişanları götürülmüşdür.
Hazırda onların barəsində istintaq əməliyyat tədbirləri davam etdirilir.
Bandanın digər üzvlərinin tapılıb tutulması üçün intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilir.