TEHRANDA KEÇİRİLƏN BEYNƏLXALQ KİTAB SƏRGİSİNDƏ AZƏRBAYCAN BÖLMƏSİ MARAQLA QARŞILANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tehranda XXI Beynəlxalq Kitab Sərgisi başa çatmışdır.
Yüzə yaxın ölkənin iştirak etdiyi bu sərgidə yaradılan Azərbaycan bölməsi maraqla qarşılanmışdır.
Azərbaycanın İrandakı səfirliyi tərəfindən təşkil edilən bölmədə ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən nəfis şəkildə çap olunmuş kitablar, jurnal və albomlar, Prezident İlham Əliyevin daxili və xarici siyasətinin uğurlarından bəhs edən nadir əsərlər, Azərbaycan həqiqətlərindən ibarət çoxsaylı nəşrlər nümayiş etdirilmişdir.
On gün ərzində sərginin Azərbaycan bölməsində quraşdırılan ekranda göstərilən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin bədii və sənədli filimləri, xalq musiqisindən nümunələr tamaşaçıların diqqətini cəlb etmişdir. Bu ekran əsərlərinin disklərinin surəti artırılaraq iştirakçılara paylanmışdır. Bundan əlavə, Bakı şəhərinin füsunkar gözəlliyini əks etdirən açıqca dəstləri, kitab, jurnal, bröşür və digər nəşrlər, Heydər Əliyev Fondunun çoxsaylı təbliğat vasitələri sərgiyə gələnlərə hədiyyə edilmişdir.
Azərbaycan bölməsindəki elmi, bədii, siyasi ədəbiyyatlar da ziyarətçilər tərəfindən xüsusi maraqla izlənilmişdir. Bölməyə maraq göstərən on minlərlə iranlı soydaşımız bütün bu işlərə görə dərin minnətdarlıqlarını ifadə etmişdir.
Yeni Azərbaycan Partiyasının İcra Katibliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC), “Azərbaycan” nəşriyyatı və başqa qurumlar beynəlxalq tədbirə öz poliqrafiya işlərini, eləcə də son illər Azərbaycanda müxtəlif dillərdə çap edilən kitab, jurnal, qəzet, disk və digər əlavə təbliğat vasitələrini göndərməklə sərgidəki Azərbaycan bölməsinin zənginləşməsinə dəstək olmuşlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təcavüzkar dövlətin xalqımıza qarşı törətdiyi hərbi cinayətlər barədə yazılan kitablara böyük maraq göstərən ziyarətçilər Xocalı soyqırımı ilə bağlı faktlar əsasında qələmə alınan bədii-tarixi əsərlərdəki dəhşətlərlə tanış olub bu vandalism aktını törədənləri lənətləmişlər.
######
![]() |
![]() |

