TEHRANDA XƏZƏRİN HÜQUQİ STATUSUNA DAİR NÖVBƏTİ MÜZAKİRƏLƏR BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi haqqında konvensiya layihəsi mətninin tərtib olunması üzrə İşçi Qrupun Tehranda keçirilən 22-ci iclası başa çatmışdır.
İki gün davam edən iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil etmişdir.
İclasın yekun sənədində deyilir ki, iclasda layihə ilə bağlı bir sıra razılaşmalar əldə edilmişdir. Eyni zamanda, İşçi Qrupun 23-cü iclasının Bakıda keçirilməsi nəzərdə tutulmuşdur. İclasın vaxtının müəyyən edilməsi Xəzəryanı ölkələrin diplomatik nümayəndəliklərinə həvalə edilmişdir.
X.Xələfov səfər çərçivəsində İranın yol və daşınmalar naziri Boxarayi və xarici işlər nazirinin birinci müavini Şeyx Əttar ilə görüşmüşdür. Görüşlərdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə, TRASEKA proqramına və Azərbaycan-İran münasibətlərinə dair məsələlər müzakirə olunmuşdur.
Qərara alınmışdır ki, Azərbaycan-İran sərhədində Astara çayı üstündə avtomobil və dəmir yolu körpülərinin tikintisinin layihələşdirilməsi üçün yaxın vaxtlarda hər iki ölkənin ekspertlərinin görüşü təşkil edilsin.
Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov iclasda və görüşlərdə iştirak etmişdir.