TEHRANDA XƏZƏRİN HÜQUQİ STATUSUNUN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ ÜZRƏ İŞÇİ QRUPLARININ GÖRÜŞÜ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, aprelin 15-16-da Tehranda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə beş Xəzəryanı dövlətin işçi qruplarının görüşü keçiriləcəkdir.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun rəhbəri Xələf Xələfov başçılıq edəcəkdir.
İclasda Xəzərin hüquqi statusunu müəyyən edəcək Konvensiyanın razılaşdırılmamış müddəaları ətrafında müzakirələr aparılacaqdır.
Danışıqlar orta xətt prinsipi əsasında qurulacaqdır.
Xarici işlər nazirinin müavini Xələf Xələfov aprelin 14-də jurnalistlərlə söhbətində demişdir ki, Xəzərin delimitasiyasının həyata keçirilməsi ilə bağlı ölkələr arasında əldə olunan razılaşma və sazişlər də məhz orta xətt prinsipinə əsaslanır. Tərəflərin məsələyə müxtəlif yanaşmalarının olduğunu bildirən X.Xələfov demişdir ki, başlıca məsələ ümumi razılığın əldə edilməsidir. Tehran görüşü də buna bir cəhd olacaqdır.
Xarici işlər nazirinin müavini vurğulamışdır ki, səfər çərçivəsində Azərbaycan ilə İran tərəfi arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
Rusiya ilə dövlət sərhədinin delimitasiyası məsələsinə gəlincə isə, nazir müavini bu sahədə növbəti müzakirələrin Bakıda aparılacağını demişdir. X.Xələfov Rusiyadakı son görüşdə bu istiqamətdə müəyyən irəliləyişin əldə olunduğunu da diqqətə çatdırmışdır.