Təhsil İnstitutu təlimçi seçimi üçün imtahanlar təşkil edib
Bakı, 16 avqust, AZƏRTAC
Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən “İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi metodikası” üzrə imtahan təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahanda ixtisasartırma proqramı çərçivəsində əvvəlki illərdə bu mövzuda təlim keçmiş təlimçilər iştirak ediblər. İmtahan üzrə gələcəkdə qeyd olunan təlimləri keçəcək şəxslərin mövzu üzrə bilik və bacarıqları yoxlanılıb. Növbəti mərhələlərdə imtahanlarda uğur qazanmış namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq və onlar “Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən şəxslər üçün təlim proqramı” əsasında təlimlərə cəlb ediləcəklər.
Qeyd edək ki, ixtisasartırma proqramının iştirakçıları müasir tədris resursları ilə bağlı məlumatlanmaq, fənnin məzmunu ilə bağlı biliklərini təlimin məqsədlərinə uyğunlaşdırmaq, ehtiyat dərsliklərin məzmunundakı yeniliklərlə, yaradıcı yanaşmalarla tanış olmaq, təlim tapşırıqları və qiymətləndirmə vasitələrini hazırlamağın yollarını öyrənmək imkanı qazanacaqlar.