Təhsil İnstitutunda təcrübə keçən tələbələr təlim və seminarlara cəlb olunublar
Bakı, 6 may, AZƏRTAC
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzində (MDPİM) təcrübə keçən tələbələr üçün təşkil olunan təlim və seminarlar, həmçinin görüşlər davam edir.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd edilib ki, tələbələr öz ixtisasları üzrə təcrübə qazanmaq üçün MDPİM-in müvafiq şöbələrinə təhkim olunublar. Hər şöbənin fəaliyyət istiqamətlərinə uyğun onlarla iş aparılır. Tələbələr, eyni zamanda, MDPİM-in Əlavə təhsilin məzmunu, Əlaqələndirmə və Təlimlərin icrasına nəzarət şöbələrində fəaliyyətlərə cəlb ediliblər. Belə ki, tələbələr məktəblərdə aparılan monitorinq və dərsdinləmə proseslərində, təlim və tədrislə bağlı müxtəlif materialların, metodik vəsaitlərin tərcümə edilməsində, eyni zamanda, mərkəzin “Refleksiv müəllim” layihəsi əsasında məktəblərdə keçirilən seminarlarda da yaxından iştirak ediblər. Bununla yanaşı, tələbələr 56 nömrəli məktəbdə VIII sinif qızları üçün təşkil edilən “Erkən nikahın fəsadları” adlı məşğələyə cəlb olunublar. Məşğələdə iştirak edən təcrübəçilər sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması mövzularında Azərbaycan və ingilis dillərində bukletlər tərtib ediblər.
Təcrübəçi tələbələr ümumtəhsil məktəblərində müasir təlim metodlarının tətbiqi, müasir məktəb və fənn kurikulumu əsasında təlimin planlaşdırılması, Azərbaycan dili dərslərinin məqsəd və strategiyasının ümumiliyi mövzularında təlimlərə də cəlb ediliblər. Təcrübəçilər təlim ehtiyaclarının öyrənilməsi yolları, təlim proqramlarının və materiallarının hazırlanması, monitorinq haqqında məlumatlandırılıb, sorğu vərəqi və təlim proqramı nümunəsinin tərtibi üzərində çalışıblar.
Tələbələrə, həmçinin xarici dili öyrənməyin faydaları, o cümlədən ünsiyyət azadlığı, karyera perspektivləri, təhsil və beynəlxalq təcrübə, “Mind map” (zehin xəritəsi), assosiasiya və fərdiləşdirmə metodlarından istifadə etmə və digər məsələlərlə bağlı təlimlər keçirilib.
Müvafiq şöbə üzrə pedaqoji təcrübə keçən tələbələrin bir qismi isə psixologiya sahəsi üzrə 2 mövzuda araşdırma aparıb, mövzulara uyğun materialları seçərək tərcümə edib və hər bir mövzu üzrə təqdimat hazırlayıb. Araşdırmalar “Uşaqlarda müşahidə olunan davranış pozuntuları, onların yaranma səbəbləri və idarəedilmə strategiyaları” və “Travma: travmaya səbəb olan hadisələr, travmanın uşaqlara təsiri, posttravmatik stres pozuntusu, ilk psixoloji yardım” mövzuları üzrə olub.
Təcrübəçi tələbələrə “Soft Skills” modulu üzrə “Uğurlu ünsiyyətin qurulması” mövzusunda təlim də keçirilib. Təlimdə əməkdaşlıq və iş müsahibələri zamanı diqqət yetirilməli məqamlar, ünsiyyət zonası, 5 C texnologiyası, kommunikasiya bacarıqları (kütlə qarşısında çıxış etmək, danışıqlar aparmaq, ünsiyyət qurmaq), aktiv idarəetmə, düzgün suallar vermək, mübahisə etmək kimi müxtəlif mövzularla bağlı tələbələrlə geniş müzakirələr aparılıb və onların sualları cavablandırılıb.
Qeyd edək ki, təlim, seminar və görüşlərin may ayının sonunadək davam etdirilməsi nəzərdə tutulur.