TƏHSİL NAZİRLİYİ İLƏ ABŞ-IN “SÜLH KORPUSU” TƏŞKİLATI ARASINDA MEMORANDUM İMZALANMIŞDIR
Təhsil naziri Misir Mərdanov imzalanma mərasimində çıxış edərək, ABŞ hökumətinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Sülh korpusu” haqqında geniş məlumat verdi və dedi ki, bu qurumun əsas məqsədi ABŞ-ı dünyaya daha yaxından tanıtmaq və eləcə də ayrı-ayrı ölkələr barədə ABŞ ictimaiyyətini məlumatlandırmaqdır.
“Sülh korpusu”nun respublikamızda təhsillə bağlı məqsədlərindən danışan nazir bildirdi ki, bu təşkilatın ABŞ-da xüsusi hazırlıq keçmiş 27 könüllüsü dekabrın 11-də ölkəmizə gələcək və onlardan 24-ü şəhər və rayonlarda, o cümlədən Şəki, Ağdaş, Cəlilabad, Masallıda orta ümumtəhsil məktəblərində, 3-ü isə Azərbaycan Müəllimlər İnstitutunun filiallarında ingilis dilinin tədrisinin yaxşılaşdırılmasına kömək edəcəkdir. Ailələrdə yaşayacaq həmin könüllülər burada iki il fəaliyyət göstərəcək və onlar üçün hər cür şərait yaradılacaqdır.
“Sülh korpusu” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Viliam Livayn əməkdaşlıq əlaqələrindən söhbət açmış və 2004-cü ilin yayında daha 30-45 nəfər könüllünün Azərbaycana gələcəyini, sonra isə onların sayının 100-ə çatacağını söyləmişdir.
Sonda təhsil naziri Misir Mərdanov və ABŞ-ın “Sülh korpusu” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Viliam Livayn əməkdaşlıq barədə memorandum imzalamışlar.