Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində uğurlu elmi-tədqiqatlar aparılır
Bakı, 19 sentyabr (AZƏRTAC). Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində elmi-tədqiqatların müasir səviyyədə aparılması, məqsədli kompleks elmi proqramların həyata keçirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, universitetlərdə dövlət büdcəsindən maliyyələşən 4 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, 92 elmi-tədqiqat laboratoriyası və 1 təsərrüfat hesablı elmi-tədqiqat institutu fəaliyyət göstərir. Respublika üzrə elmlər doktorlarının 59,5 faizi (1.243 nəfər), fəlsəfə doktorlarının 62,9 faizi (5.869 nəfər), AMEA-nın 62 nəfər həqiqi və müxbir üzvü ali təhsil sistemində çalışır.
Nazirlər Kabineti ilə razılaşdırılmış siyahıya əsasən ali təhsil müəssisələri tərəfindən 118 elmi və elmi-praktiki konfrans, o cümlədən 87 respublika və 31 beynəlxalq səviyyəli konfrans keçirilmişdir.
2010-cu ildən başlayaraq elmin maliyyələşdirilməsinin yeni mexanizmi tətbiq olunur. Qrant üsuluna əsaslanan bu mexanizmi həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna son 2 ildə hər il dövlət büdcəsindən 6 milyon manatdan artıq vəsait ayrılmışdır. 2010-cu və 2011-ci illərdə bu Fond tərəfindən elan olunmuş qrant müsabiqələrində Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələri tərəfindən təqdim edilmiş layihələrdən 22-nə qrant verilmişdir. Bundan əlavə, ali məktəblərdə çalışan alimlər 39 beynəlxalq qrant proqramında uğurla iştirak edirlər.
Son illər ali məktəblərin istehsalat müəssisələri ilə əlaqələri daha da genişlənmiş, təsərrüfat hesablı müqavilələr əsasında aparılan işlərin sayı və maliyyələşmə həcmi artmışdır. Ötən il ali məktəblərdə 639 elmi problemi əhatə edən 2.411 mövzu üzrə fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılmış, onlardan 1.853-ü tamamlanmışdır.
Ali məktəblərdə çalışan alimlərin müəllifliyi ilə 333 monoqrafiya, 309 dərslik, 620 dərs vəsaiti, 1307 adda proqram və metodik ədəbiyyat nəşr olunmuşdur. Xarici jurnallarda alimlərimizin 1.850 məqaləsi, beynəlxalq konfransların materiallarında 1.114 məruzə tezisi dərc edilmişdir. Ötən il 45 ixtiraya patent, o cümlədən 2 Avrasiya patenti alınmışdır.
Təhsil Nazirliyi sisteminə daxil olan 27 ali təhsil və elmi tədqiqat müəssisəsində “Təhsil haqqında” Qanuna uyğun olaraq yeni doktoranturalar yaradılmış və 2011-ci ildə həmin doktoranturalara ilk qəbul keçirilmişdir.
Yuxarı sinif şagirdlərinin elmi axtarışlara cəlb edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyili olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə 2012-ci il fevralın 23-24-də ölkəmizdə ilk dəfə olaraq İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” respublika müsabiqəsi keçirilmişdir. Müsabiqənin qalibləri arasından seçilmiş 5 nəfər şagird 2012-ci il mayın 13-dən 18-dək ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində keçirilmiş İntel İSEF sərgisində iştirak etmişdir.