ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Təhsil naziri Misir Mərdanov Prezidentin Fərmanının icrası ilə bağlı hazırlanmış “2004-2008–ci illər üçün təhsil sisteminin inkişafı proqramı” barədə geniş məruzə etmişdir.
Nazir Azərbaycan təhsilinin inkişafında, onun dünya təhsil sisteminə inteqrasiyasında görkəmli dövlət xadimi Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmış, Prezidentin Fərmanının tarixi əhəmiyyətini vurğulamışdır.
Ölkəmizdə təhsil sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən bəhs edən natiq son 5 ildə təhsil sahəsinin fəaliyyətini tənzimləyən 160-dək normativ sənədin hazırlandığını, təhsil müəssisələrində maddi-texniki bazanın möhkəmləndirildiyini, tədris şəraitinin yaxşılaşdırıldığını konkret faktlarla diqqətə çatdırmış, eyni zamanda bu sahədəki mövcud problemlərdən, çatışmazlıqlardan danışmış, onların aradan qaldırılmasının zəruriliyini diqqətə çatdırmışdır.
Prezidentin Fərmanının icrası ilə bağlı təhsil işçilərinin qarşısında duran vəzifələri vurğulayan nazir təhsil sisteminin inkişafına dair hazırlanmış proqram haqqında da məlumat vermiş, onun 7 bənddən ibarət olduğunu söyləmişdir. O demişdir ki, verilən təkliflər nəzərə alınaraq hökumət tərəfindən təsdiq edildikdən sonra həmin 5 illik proqram təhsil müəssisələrinə göndəriləcək və hər bir təhsil ocağı bu sənədə əsasən özünün birillik və beşillik inkişaf proqramını hazırlayacaqdır.
İclasda “2004-cü ilin dövlət büdcəsində təhsil xərcləri barədə” məruzə dinlənildikdən sonra müzakirələr aparılmışdır.
Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov və başqaları Prezidentin Fərmanının tarixi əhəmiyyətini vurğulamış, Azərbaycan təhsilinin inkişafı, onun dünya təhsil sisteminə inteqrasiyası ilə bağlı fikir və mülahizələrini bildirmişlər.