ELM VƏ TƏHSİL
Təhsil qrantı proqramı çərçivəsində UNEC-də 7 əcnəbi vətəndaş təhsil alır
Bakı, 28 noyabr, AZƏRTAC
2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının təhsil qrantı proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin ölkəmizdə təhsil almaq hüququ qazanmış vətəndaşları ilə görüş keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təşkil olunan görüşdə Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbər və məsul şəxsləri, təhsil qrantının qalibləri, onların təhsil aldığı ali məktəblərin nümayəndələri də iştirak ediblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, şöbənin sektor müdiri Müjdat Həsənov və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AIDA) rəis müavini Aliyə Ağazadə görüş zamanı təhsil qrantı proqramlarına dair zəruri məlumatları əcnəbi tələbələrlə bölüşüb və onların suallarını cavablandırıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr təhsil alır. 2018-ci ildən təsis edilən proqram çərçivəsində UNEC-dən 9 əcnəbi vətəndaş məzun olub, hazırda isə Maldiv, Qambiya, Tanzaniya, Antiqua və Barbuda, Kamboja, Efiopiya vətəndaşları olan 7 nəfər təhsil almaqda davam edir.