Təhsil sahəsində keçirilən üçgünlük seminar başa çatıb
Bakı, 29 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Keyfiyyətin təminatı - sinifdaxili qiymətləndirmənin proseduru və metodologiyası” mövzusunda keçirilən seminar martın 29-da başa çatıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, seminarda bu qurumun müdiri Məhəbbət Vəliyeva, struktur bölmə rəhbərləri, Almaniya və Niderlanddan olan təhsil ekspertləri Anke Köhler və Herman Fransse, Təhsil İnstitutunun əməkdaşları və paytaxtın ümumtəhsil müəssisələrinin direktorları iştirak ediblər.
Üçgünlük seminarın keçirilməsinin əsas məqsədi təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək, ümumi təhsildə qiymətləndirmə prosesində daxili və xarici keyfiyyət təminatını təkmilləşdirmək, müvafiq Avropa təcrübəsini bölüşmək, Azərbaycan məktəblərində qiymətləndirmə metodikası və qaydalarının təkmilləşdirilməsinə kömək göstərməkdir.
Seminarlarda qonaqlar məktəb idarəetməsinə dair təqdimatlarla çıxış ediblər.
Seminar iştirakçıları məktəbdaxili qiymətləndirmənin yeni yanaşma və tədqiqatları, formativ, summativ və yekun qiymətləndirmənin tətbiqi, qiymətləndirmə sahəsi üzrə testlərin hazırlanması, özünüqiymətləndirmə, məktəbdaxili qiymətləndirmədə açıq sualların əhəmiyyəti kimi mövzular barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar. Həmçinin xarici təhsil sistemi ilə Azərbaycanın təhsil sistemi arasında oxşar və fərqli cəhətlər barədə müzakirələr aparılıb.