Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən göstərilən xidmətlər elektonlaşdırılır
Bakı, 12 avqust, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) göstərilən xidmət səviyyəsinin optimallaşdırılması, eləcə də proseslərdə insan faktorunun minimuma endirilməsi məqsədilə mütəmadi olaraq təkmilləşdirmələr həyata keçirir.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, bu təkmilləşdirmələrdən biri xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması çərçivəsində müxtəlif məzmunlu arayışlar və sənədlərin elektron formada tərtib olunaraq vətəndaşlara təqdim olunmasıdır. Görülən işlərin davamı olaraq, agentlik tərəfindən xarici ali təhsil ixtisaslarının tanınması məqsədilə həyata keçirilən ekspertizanın yekun nəticəsinin ərizəçilərə elektron inzibati akt formasında təqdim olunmasına başlanılıb. İnzibati aktlar elektron imzalandıqdan sonra ərizəçilərə şəxsi kabinetləri vasitəsilə təqdim olunacaq. İnzibati aktlar yalnız ekspertizanın yekun qərarı verildikdən sonra ərizəçilərin şəxsi kabinetində aktivləşəcək və ərizəçilər E-sənədlər bölməsinə keçid edərək elektron sənədi əldə edəcək.
Elektron sənədlərin həqiqiliyinin yoxlanılması QR kod vasitəsilə və ya elektron sənədlərin həqiqiliyini yoxlamaq məqsədilə istifadəyə verilmiş portal üzərindən mümkün olacaq.