TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI MAGİSTRATURAYA QƏBUL İMTAHANININ NƏTİCƏLƏRİNİ AÇIQLAMIŞDIR
Bakalavrlar 171 proqram üzrə imtahan vermişlər. İmtahanda onlara sualları cavablandırmaq üçün iki saat vaxt ayrılmışdır. Onlara məntiqi təfəkkürün yoxlanılması üzrə 50, xarici dil fənni üzrə 20, ixtisas üzrə isə 30 test tapşırığı təqdim olunmuşdur. Jurnalistika (HSM 050000) ixtisasını seçən bakalavrlar ixtisas üzrə test əvəzinə təqdim olunmuş mövzu üzrə inşa yazmışlar.
İmtahanda 10343 bakalavr iştirak etmişdir. 452 nəfər imtahana gəlməmişdir. Müsabiqə şərtlərinə uyğun olaraq, ümumi balı 50-dən və ixtisas fənni üzrə topladığı balı isə 10-dan az olmayan bakalavrlar müsabiqəyə buraxılmışlar.
İmtahanın nəticəsinə əsasən 2701 bakalavr magistratura pilləsinə daxil olmuşdur. Onların 1348-i ali məktəbləri bu il bitirən məzunlardır. Qəbul olunanların 666 nəfəri ali məktəbləri fərqlənmə diplomu ilə bitirənlərdir. Onlardan 419 nəfəri 2006-cı ilin məzunudur. Qəbul olunanların 1244 nəfəri oğlan, 1457 nəfəri isə qızdır.
Magistraturaya qəbul olunanlar iyulun 28-dən avqustun 8-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları ali məktəbdə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək müvafiq ixtisasa yiyələnməkdən imtina kimi qiymətləndiriləcək və bu şəxslər qəbul olunanlar siyahısından xaric ediləcəklər. Magistraturaya qəbulun nəticəsi ilə bağlı müraciətlərə sentyabrın 1-dən 5-dək Apellyasiya Komissiyasında baxılacaqdır.
Magistraturaya qəbul olunmayanlar imtahanın nəticələrinə dair bal arayışlarını iyulun 28-dən etibarən sənəd verdikləri komissiyalardan ala bilərlər.
Qəbul olunanların digər ali məktəbə köçürülməsi, təhsil formasının və ya ixtisasının dəyişdirilməsi, təhsil haqqının ödənilməsi ilə bağlı məsələlərə baxılmır.
Magistraturaya qəbulun nəticələri ilə bağlı məlumatları “Magistr” jurnalının 3-cü nömrəsindən, 141 nömrəli çoxkanallı telefon vasitəsilə və wap.tqdk.gov.az internet səhifəsindən öyrənmək olar.