REGİONLAR
Tələbələr muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təcrübə keçiblər
![Tələbələr muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təcrübə keçiblər](/files/2019/3/1200x630/15742409853688164281_1200x630.jpg)
Naxçıvan, 20 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) Sosial iş ixtisası üzrə IV kurs tələbələri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında və struktur qurumlarında təcrübə keçiblər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev NDU ilə nazirlik arasında qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib və bu istiqamətdə fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.
Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fakültəyə uğurla hamilik etməsindən, tələbələrin ixtisas təcrübəsi qazanmaları üçün hərtərəfli şərait yaradılmasından, nəzəri-təcrübi əhəmiyyətli birgə tədbirlərin həyata keçirilməsindən bəhs edib.
Təcrübəçi tələbələrdən Arzu Əliyarqızı, universitetin Sosial iş ixtisası üzrə məzunu, hazırda nazirliyin strukturunda işləyən dövlət qulluqçusu Yavər Abbasov təcrübənin gənclər üçün əhəmiyyətindən danışıb, minnətdarlıqlarını bildiriblər.
Daha sonra tələbələr nazirliyin strukturuna daxil olan təşkilatlarda olub, iş prosesini yerində izləyiblər.