ELM VƏ TƏHSİL
Tələbələr Respublika Seysmoloji Xidmət Mərkəzində təcrübəyə başlayıblar
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) təcrübəyə başlayıblar.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimləri, təcrübə qrupunun rəhbərləri Emil Qafarov və Aytən Əhmədova RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər.
Təhsil müəssisələri ilə elmi təşkilatlar arasında əməkdaşlığın zərurət olduğunu qeyd edən baş direktor qonaqlara mərkəzdə kadr potensialının hazırlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər haqqında məlumat verib. Burada təcrübə mübadiləsi keçən tələbələrin mərkəzin müvafiq elmi şöbələrində aparılan işlərə cəlb ediləcəyini vurğulayan Qurban Yetirmişli əməkdaşlığın müsbət olacağına əminliyini ifadə edib.
Təcrübə qrupunun rəhbərləri tələbələrə öz bilik səviyyələrini artırmaq üçün yaratdığı şəraitə görə mərkəz rəhbərliyinə minnətdarlıq ediblər.