ELM VƏ TƏHSİL
TƏLƏBƏLƏRƏ PREZİDENT TƏQAÜDÜNÜN VERİLMƏSİ HAQQINDA SƏRƏNCAMLA BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
TQDK-nın sədri Məleykə Abbaszadə çıxış edərək Azərbaycan təhsilinin inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərindən, tələbə-gənclərə göstərilən dövlət qayğısından danışmışdır.
Ölkəmizin gələcək inkişafının gənc nəslin intelekt səviyyəsi ilə bağlı olduğunu diqqətə çatdıran sədr 2003/2004-cü tədris ilində ali məktəblərə daxil olmuş tələbələrin qəbul imtahanlarında əldə etdikləri nəticələr barədə ətraflı məlumat vermiş, onlardan ən yüksək bal toplamış 25 tələbənin Prezident təqaüdünə layiq görüldüyünü, ümumiyyətlə isə 384 nəfərin 600-dən çox bal topladığını bildirmişdir.
Məleykə Abbaszadə vurğulamışdır ki, Prezident təqaüdünə layiq görülmüş 25 tələbə yalnız bilik səviyyəsinə görə müəyyənləşdirilmişdir. Ötən il olduğu kimi, bu il də Prezident təqaüdü 200 min manatdır.
Konfransda qəbul imtahanlarında 600-dən çox bal toplamış abituriyentlərə həsr olunmuş “Abituriyent” jurnalının 11-ci nömrəsi Prezident təqaüdünə layiq görülmüş 25 tələbəyə təqdim olunmuşdur.