ELM VƏ TƏHSİL
TƏLƏBƏLƏRİN 52-Cİ ELMİ-TEXNİKİ KONFRANSI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Akademiyanın rektoru, MEA-nın müxbir üzvü, professor Siyavuş Qarayev konfransı açaraq 15 oktyabr prezident seçkilərində xalqımızın müdrik dövlət xadimi Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı İlham Əliyevə yekdilliklə səs verməklə uğurlu seçim etdiyini vurğulamış və bu münasibətlə müəllim və tələbələri təbrik etmişdir.
Rektor, eyni zamanda konfrans barədə məlumat vermiş, onun işinə uğurlar arzulamışdır.
Təhsil naziri Misir Mərdanov çıxış edərək ölkəmizin təhsil sistemində əldə olunmuş nailiyyətlərdən danışmışdır.
Müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların, o cümlədən neftçi mütəxəssislərin hazırlanmasının vacibliyindən bəhs edən nazir həm də ali təhsil ocaqlarında keçirilən elmi konfransların əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunun direktoru, MEA-nın müxbir üzvü, professor Ayaz Əfəndiyev, ADNA-nın neft-qaz-mədən fakültəsinin dekanı Qafar İsmayılov və başqaları konfrans iştirakçılarını təbrik etmiş, onlara xoş arzularını çatdırmışlar.
Tələbələr adından Natəvan Yusifova və Məhəmməd Nağıyev onların yüksək səviyyədə təhsili üçün yaradılmış hərtərəfli şəraitə görə dövlətimizin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Dekabrın 12-dək 9 bölmədə öz işini davam etdirəcək konfransda, ümumiyyətlə, 319 məruzə dinləniləcəkdir. Ən maraqlı məruzələr Tələbələrin Həmkarlar İttifaqı Komitəsi və konfransın sponsorları - “Azersell Telekom” Birgə Müəssisəsi, “LUKoyl”, “Siemens” və s. şirkətlər tərəfindən mükafatlandırılacaqdır.