Telman İbrahimov: Qafqaz Albaniyasında heykəltaraşlıq ənənələrinin kökləri qədim dövrlərə gedib çıxır
Bakı, 22 sentyabr, AZƏRTAC
Qafqaz Albaniyasının heykəltaraşlıq ənənələrinin kökləri qədim dövrlərə gedib çıxır.
Bunu AZƏRTAC-a müsahibəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi Telman İbrahimov deyib. O bildirib ki, Qafqaz Albaniyasında heykəltaraşlığın kökləri eramızdan əvvəl VII–V əsrlərə, hətta Qafqaz Albaniyası dövlətinin yaranmasından əvvəlki dövrlərə gedib çıxır. Bu ənənələr erkən orta əsrlərədək davam edib.
T.İbrahimovun sözlərinə görə, ibtidai və antik dövrə aid heykəllər əsasən animizm, ruhlara inam, magiya və əfsunla bağlı olub. Kiçik ölçülü gildən hazırlanmış ana ilahə heykəlcikləri isə bolluq və məhsuldarlıq ayinlərində istifadə edilib. Bu heykəlciklər ayinlərin tərkib hissəsi kimi istifadə olunub, daha sonra evin ocağında bişirilərək bərəkətin evə gətirilməsi ilə bağlı inancları ifadə edib.
Erkən orta əsrlərdə isə kişi kultunun daha da gücləndiyini bildirən T.İbrahimov qeyd edib ki, bu dövrdə əcdadlarla bağlı ayinlər meydana çıxıb. Nəticədə gildən hazırlanmış kiçik heykəlciklərlə yanaşı, daşdan iri monumental, əsasən kişi heykəlləri yaranmağa başlayıb. Onun sözlərinə görə, Azərbaycanda, tarixi Albaniya ərazisində, o cümlədən Ağdam və Ağdərədən belə heykəllər aşkar edilib. Bu nümunələr qədim albanların həyatında əcdad kultunun mühüm yer tutduğunu göstərir.