TEMATİK ƏLAVƏ AZƏRBAYCAN
AZƏRBAYCAN SİYASƏTİNİN AMERİKA VEKTORU
TEMATİK ƏLAVƏ
AZƏRBAYCAN
AZƏRBAYCAN SİYASƏTİNİN AMERİKA VEKTORU
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün ABŞ-a rəsmi səfəri başlanır. Yüksək səviyyədə görüş çoxdan hazırlanırdı. Hazırlıq prosesində tərəflərdən hər biri tərəfdaşa doğru yolun özünə aid hissəsini keçmişdir. Belə görüşün mümkünlüyündən Bakıda və Vaşinqtonda ilk dəfə təxminən iki il yarım əvvəl danışmağa başlamışdılar. O vaxtdan bəri Xəzər-Cənubi Qafqaz regionunda vəziyyət əhəmiyyətli dərəcədə dəyişmişdir. Zaman çox şeyi təkzib etmişdir. Yeni, əvvəllər məlum olmayan çox geosiyasi tələblər meydana çıxmışdır. Bu baxımdan hətta özünə görə yaxşı haldır ki, yüksək səviyyədə görüş indi baş verir. Gərəksiz pafosa və illüziyalara uymadan, bu görüş iki ölkəyə regiondakı beynəlxalq vəziyyətin təhlilinə sırf praqmatik mövqelərdən yanaşmağa, habelə hazırda, özlərinin ikitərəfli münasibətlərində diqqəti, ilk növbədə, nədə cəmləşdirməli olduqlarını rasional surətdə dərk etməyə imkan verəcəkdir.
Oleq SIQANOV
İKİ İL YARIMDA KEÇİLMİŞ YOL
Hər iki tərəfin son iki il yarımda keçdiyi siyasi təkamül yolu uzun və hadisələrlə zəngin olmuşdur. Özü də təkcə dramatik hadisələrlə (İraq müharibəsi sayəsində, son vaxtlar bu region dünyanın başlıca xəbərlər mənbəyinə çevirlmişdir) deyil, həm də müxtəlif cür şərhlərlə zəngin olmuşdur.
Məsələn, çox yazılmışdır ki, “görüş”ün qeyri-müəyyən müddətə təxirə salınması guya Amerika hökumətinin Azərbaycanın indiki rəhbərliyinə rəğbət göstərmək istəməməsi ilə izah edilir. Həmin tənqidçilər, ilk növbədə, İlham Əliyev hakimiyyətinin “qeyri-demokratikliyinin əlamətlərinin” yalnız bu tənqidçilərə bəlli olan hansısa standartlara uyğunsuzluğunu axtarırdılar.
Ən çox da ölkədəki “zəif demokratik təsisatlara”, müxalifətin fəaliyyətinə hansısa məhdudiyyətlər qoyulmasına, habelə Azərbaycanın Qərb siyasi standartlarının elementlərinə uyğun gəlmədiyi digər məqamlara istinad edirdilər.
Nəhayət, görünür, “incik” müxalifətin, haradasa dərin qatlarında uydurulan izahat politoloji oyunbazlığın zirvəsi olmuşdur: “Bax, əgər bizdə də Gürcüstandakı kimi olsaydı, onda cənab Buş bizim prezidentə mütləq nəzər salardı”.
İndiki Amerika hökumətinə yaxın mənbələrdən bizə məlum olmuşdur ki, Azərbaycanda ötən il keçirilən parlament seçkiləri ərəfəsində Vaşinqtonda Bakı ilə öz gələcək qarşılıqlı əlaqələrinin müxtəlif variantlarını həqiqətən diqqətlə götür-qoy edirdilər. Eləcə də respublikanın nüfuzlu dairələrinin bir qismində belə nöqteyi-nəzər vardı ki, guya bu seçkilər cavan Azərbaycan Prezidenti üçün bir növ, “test” olmalıdır. Əgər o, bu “demokratiya testi”ndən keçməsə, həmin dairələr, məsələn, Ağ ev administrasiyasına az qala indiki rəhbərliyi hətta devirməyə dair fəaliyyət variantlarını nəzərdən keçirməyi təklif edirdilər.
Bu hal üçün onlar “narıncı” və ya daha hansısa rəngli inqilab variantını götür-qoy edirdilər.
Vaşinqtondakı həmin mənbələrə inansaq, Amerika-Azərbaycan münasibətlərinin inkişafının müxtəlif variantları, bu münasibətlərin sabitliyin pozulması (indiki Azərbaycan iqtidarı üçün) yolu ilə inkişafının mümkünlüyü az qala parlament seçkilərinədək qalmışdır. Lakin son nəticədə Amerika rəhbərliyində “narıncı-qızğın” nöqteyi-nəzəri üstün gəlmədi. Bunda Rusiya amilinin mühüm rol oynaması istisna edilmir. Parlament seçkilərinin hazırlanması və keçirilməsi zamanı Moskvadakılar özlərini Ukraynada məlum prezident seçkilərinin gedişindəkinə nisbətən daha nəzakətli və məharətli apardılar. Rusiya İlham Əliyevi dəstəklədiyini səriştəli şəkildə göstərdi, ancaq elə etdi ki, bunun müstəqil Azərbaycanın hər hansı suveren hüquqlarının pozulması hesabına edildiyini söyləməyə qətiyyən zərrəcə də əsas vermədi.
Azərbaycanda uğurla keçirilən və Azərbaycan müxalifəti deyilən müxalifətin mənəvi və ideoloji cəhətdən müflisləşdiyini göstərən parlament seçkilərindən sonra vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyə başladı. Hətta (İlham Əliyevin ABŞ-dakı yüksək vəzifəli tənqidçiləri sırasından olan) ən qatı şəkkaklara tamamilə aydın oldu ki, indiki Azərbaycan Prezidenti nəinki ölkədə vəziyyətə tam səmərəli şəkildə nəzarət edir, nəinki ölkəni bu gün üçün real surətdə mümkün olan tərəqqi və demokratikləşmə yolu ilə bacarıqla aparır, həm də, ümumiyyətlə, ölkədə, əslində, alternativsiz siyasi qüvvədir.
AZƏRBAYCAN AMERİKAYA NƏ ÜÇÜN LAZIMDIR?
Amerika geniş miqyasda, transmilli birliklər dünyasında fəaliyyət göstərməyə adət etmişdir. Həm də bu zaman o, “təfərrüatlara varmağa”, bu və ya digər regional problemlərin mürəkkəb təhlilini aparmağa əsla adət etməmişdir. Vaşinqtonda bəzən hətta bu və ya digər geosiyasi kombinasiyaya başlayanda da, belə bir suala təfərrüatı ilə cavab vermirlər ki, bütün bunlar haraya aparıb çıxaracaq? Halbuki, yaxşı məlum olduğu kimi, elə mahiyyət də təfərrüatdadır.
Vaşinqton bütün postsovet məkanı barəsində uzun müddət müəyyən dərəcədə bu cür universal (və eyni zamanda bəsit) yanaşmadan istifadə etmişdir. Yəni ki, postsovet ölkələrindən hər biri ilə münasibətlərin fərdi proqramının hazırlanmasında tələsmək və özünü yormaq nəyə lazımdır, bir halda ki, postsovet dezinteqrasiyasının və keçmiş Rusiya metropoliyasından qaçıb uzaqlaşmağın dalğasında hər şey onsuz da ələ “özü gəlir”.
Lakin burada qeyd etməmək olmaz ki, Azərbaycan (hələ vaxtilə Heydər Əliyevin hazırladığı müdrik xətt sayəsində) son dərəcə ölçülüb-biçilmiş mövqe, bəzən də hətta gözləmə mövqeyi tutmuşdur. Bakı heç kimin ağuşuna atılmamışdır, özünün sifarişli olduğu barədə heç kimdə təsəvvür yaratmamışdır. Sadəcə olaraq, Azərbaycan əməkdaşlığın müxtəlif variantlarını təklif etmişdir. Özü də, əvvəlcədən heç kimi istisna etmədən, hansısa sırf siyasi üstünlükləri əsas tutmadan, marağı olan bütün tərəflərə təklif etmişdir. Məsələn, enerji daşıyıcılarının nəql edilməsi sahəsində.
Transqafqaz neft kəməri (Bakı-Tbilisi-Ceyhan) bütün regional siyasətin əsla birmənalı olmayan ayrıca bir amilidir. Hətta dünyada karbohidrogen xammalı qıtlığını nəzərə almaqla, boru kəməri ABŞ-dan çox, region üçün daha əhəmiyyətlidir. Hərçənd, əlbəttə ki, amerikalılar “neft kəməri kartı”ndan özlərinin hansısa, sırf geosiyasi məqsədləri üçün məmnuniyyətlə istifadə edərdilər. Bu baxımdan həmin layihənin işlənib hazırlanmasının başlanğıc mərhələsində çox söz-söhbətlər olmuşdur ki, guya, layihə Amerikayönlüdür və Rusiyanın əleyhinə yönəldilmişdir. Həyat isə bu söz-söhbətlərin əsassız olduğunu göstərdi.
Bu genişmiqyaslı layihənin həyata keçirildiyi bütün dövr ərzində Azərbaycan dönmədən sübut edirdi ki, onun sivilizasiyalı seçimi, tərəqqiyə və demokratikləşməyə doğru istiqamətlənmiş xətti dünya (ilk növbədə Avropa) iqtisadiyyatına inteqrasiya ilə birlikdə, əvvəla, şüurlu, ikincisi isə, müstəqil surətdə edilmiş seçimdir. Ölkə bu xətti Qərb dəyərlərinin təbliğçiləri ilə əvvəlcədən heç bir məsləhət-məşvərət aparmadan, xüsusən də onların buna ilkin razılığı olmadan seçmişdir.
Açığını deyək, uzun illər ərzində Azərbaycan Vaşinqtonun siyasi göstərişləri olmadan yaşamış, suveren dövlətin formalaşmasında böyük çətinlikləri dəf etmişdir və heç kimə hesabat verməyə, heç kimin qarşısında baş əyməyə borclu deyildir. Məsələn, təkcə bunu xatırlamaq kifayətdir ki, Heydər Əliyev və onun oğlu Qərb şirkətlərini Xəzərin ixrac darvazalarını Avropanın neft və qaz bazarlarına birbaşa açmağın zəruriliyinə inandırmağa illərlə çalışmışlar.
Azərbaycanın müstəqil seçiminə hörmət etmək, bu seçimi alqışlamaq, yeni Prezidenti – İlham Əliyevi dəstəkləmək üçün Vaşinqtonun imkanları çox olmuşdur. Lakin səfər nə 2004-cü ildə, nə də 2005-ci ildə baş tutmuşdur. Ola bilsin, o vaxt kimsə hətta güman edə bilərdi ki, səfər siyasi, taktiki cəhətdən Vaşinqtondan çox Bakıya gərək idi. İndi vəziyyət başqa cürdür, nəinki regiondan çox da uzaqda yerləşməyən İraqda indiki müharibə, həm də Xəzəryanı regionun özündə - İran ətrafında vəziyyətin sürətlə kəskinləşməsi reallığa çevrilmişdir.
Bu baxımdan Qərbin regionda Türkiyə kimi ənənəvi müttəfiqinin rolu ilə müqayisədə Azərbaycanın rolu Vaşinqton üçün nəinki prinsipial surətdə mühüm, həm də nədəsə hətta daha üstün olur.
Mübaliğəsiz deyə bilərik ki, İran ətrafında vəziyyət oğul Buşun hökuməti üçün kritikdir. Vaşinqton Azərbaycan Prezidentini bax, belə bir məqamda dəvət edir – sadəcə olaraq, müttəfiq kimi yox, məhz mürəkkəb vəziyyətdə özünün mümkün dayağı kimi.
Əlbəttə, söhbət Amerikanın İrana qarşı hərbi əməliyyatlar aparması üçün Azərbaycan ərazisindən istifadə edilməsindən getmir. Hər şey, əslində, daha qəlizdir. İranın ən yaxın qonşusu olan, onunla çoxəsrlik tarixlə, qismən də etnik qohumluqla (İranda çoxmilyonlu azərbaycanlıların yaşaması nəzərdə tutulur) bağlı olan Azərbaycan Vaşinqtona səmti-istiqaməti şərti də olsa müəyyənləşdirməkdə, bu gün, əslində, çıxılmaz görünən vəziyyətdən çıxış yolunu tapmaqda, məsələn, İraqdakı kimi, aləmi qatıb-qarışdırmamaqda başqalarından daha çox kömək edə bilər. Həm də bu zaman Azərbaycan heç nədə riskə getmir. Onun amerikalılardan xahiş edib almaq istədiyi bir şey yoxdur (bu gün MDB-də ən yüksək sürətlə artan Azərbaycan iqtisadiyyatını Gürcüstanla, daha yaxşı olar, Ermənistanla müqayisə edin, onların büdcələri, ümumiyyətlə, amerikalıların pulları olmadan hazırlanmır). İndiki vəziyyətdə Azərbaycan Amerika üçün regional tərəfdaş, müəyyən dərəcədə həm bərabərhüquqlu, həm də müstəqil tərəfdaş ola bilər.
AZƏRBAYCAN DİPLOMATİYASININ MƏRHƏLƏLƏRİ
Amerika-Azərbaycan münasibətlərinin bünövrəsi necə qoyulmuşdur, bu münasibətlərdə hansı ümidlər öz təcəssümünü tapmışdır, nələr sərt reallığın qurbanı olmuşdur? Hər şey diplomatik tanınmadan başlanmışdır. ABŞ Azərbaycanla diplomatik münasibətləri 1992-ci ilin əvvəllərində qurmuşdur. Həmin dövrdə Azərbaycanın gələcəyinin qeyri-müəyyənliyi, inkişafın İran yolunun seçilməsinin mümkünlüyü ABŞ-da ciddi təhlükə kimi qiymətləndirilirdi.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Vaşinqton Azərbaycana artıq Amerika neft şirkətlərinin mənafeləri mövqeyindən, müəyyən miqdarda neft ixracçısı kimi baxmağa başladı. Münasibətlər Heydər Əliyevin birinci səfərindən (27 iyul – 6 avqust 1997-ci il) sonra ciddi xarakter aldı. Səfər zamanı Azərbaycan lideri Vaşinqtonda, Nyu-Yorkda, Hyustonda, Çikaqoda oldu. Demək olar, elə həmin günlərdə dövlət katibinin müavini Stroub Telbott Con Hopkins Universitetində “Amerikanın Qafqazda və Mərkəzi Asiyada siyasəti” mövzusunda nitq söyləyərək, Amerika siyasətinin əsas mərhələlərini açıqladı. Hesab olunur ki, məhz onda (bu, Bill Klintonun prezidentliyinin ikinci müddəti idi) ABŞ Konqresi Xəzər dənizi–Qara dəniz regionunu özünün milli mənafeləri zonası elan etmişdir. Prezidentin yanında Xəzər regionu məsələləri üzrə xüsusi müşavir vəzifəsi təsis olundu. Bir neçə elmi tədqiqat mərkəzi regionda həyata keçiriləcək strategiyanın hazırlanması ilə məşğul olmağa başladı. ABŞ-da onu əsas tuturdular ki, neft strategiyası regiona gəlmək və ona təsir etmək mexanizmlərinin spektrini genişləndirmək üçün yaxşı vasitədir. Lakin, artıq qeyd etdiyimiz kimi, lap əvvəldən belə yanaşmanın çatışmazlığı onun bəsitliyi və məhdudluğunda idi.
O vaxt ABŞ-a fəal yaxınlaşan Rusiya ciddi rəqib kimi çıxış edə bilmirdi və regionda apardığı siyasətinə qarşıdurma müstəvisindən baxmırdı. Həmin dövrdə Rusiyanın, Cənubi Qafqazın və Mərkəzi Asiyanın sərhədlərində gedən separatçılıq müharibələri Moskva üçün daha ciddi təhlükə və daha böyük maraq doğururdu.
İndiki ABŞ hökumətinin fəaliyyətinin başlanğıc dövründə oğul Corc Buşun beynəlxalq siyasətə marağı nəzərəçarpacaq dərəcədə söndü. 2001-ci ilin 11 sentyabr faciəli hadisələri belə marağı, sözün həqiqi mənasında, alt-üst etdi. Amerikaya islam dünyasında təcili olaraq yeni dostlar və müttəfiqlər axtarmaq lazım idi. Mütərəqqi əhval-ruhiyyəli, yaxşı savadlı, fəal, cavan Azərbaycan Prezidentinin dünyəvi rejimi ən məntiqi seçimlərdən biri oldu. Amma nədənsə, Buş hökuməti bu seçimə kifayət qədər dolayı yolla getdi və dərhal gəlmədi.
BAKI-TEHRAN-VAŞİNQTON ÜÇBUCAĞI
İlham Əliyev Vaşinqtona Çin lideri Hu Zintaodan, demək olar, dərhal sonra gəlmişdir. O səfəri Amerika mətbuatında artıq “sivilizasiyaların əsil toqquşması” adlandırmışlar. Lakin Çin Azərbaycanla müqayisəyə gəlməsə də, Amerika-Çin danışıqları zamanı bir çox cəhətdən oxşar problemlərə, - separatçı Tayvan adası, insan hüquqları, elə həmin İran böhranı, - toxunulmuşdur.
Onu da qeyd etmək vacibdir ki, Vaşinqton səfərindən heç bir həftə keçməmiş İlham Əliyev Bakıda, İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında İran Prezidenti Mahmud Əhmədinejad ilə görüşəcəkdir. Vaşinqton danışıqlarının yekunlarından asılı olmayaraq, İran lideri ilə görüşü Bakının vasitəçiliyi ilə İran-ABŞ dialoqu üçün mümkün cəhd kimi qiymətləndirmək olar. Belə format tamamilə məqbul görünür: bir siyasətçi kimi İlham Əliyev İranda çox sayılan və hörmət bəslənən adamdır. Lakin artıq Vaşinqtonda da “ona tam hörmət bəslənilməsinə” vadar etmişdir.
Mentalitet baxımından regionda ən qərbpərəst (bu sözün yaxşı mənasında) qrup olan Azərbaycanın siyasi elitası – hamı üçün belə gərəkli dialoqa kömək etməyə qadirdir. Bir sıra səbəblərə görə, Pakistan və Türkiyə bu rollara tam uyğun gəlmir. Ən əvvəl ona görə ki, onlar NATO və ABŞ ilə həddindən artıq bağlıdırlar. Tehranda onları Əliyev qədər obyektiv qəbul edə bilməzlər.
Əlbəttə, qeyd etmək lazımdır ki, əgər indi Amerika hökumətinin hərbi cinahı İrana qarşı hərbi hazırlıqları bir qədər azaltsaydı, onda belə dialoq daha yüksək dərəcədə səmərəli olardı.
BAEA-nın BMT üçün məruzəsinin Əliyevin səfəri ilə eyni vaxtda edilməsi də özünə xas rəmzi xarakter daşıyır. Məruzənin böyük əhəmiyyəti var: dünya birliyi Tehranı nüvə proqramı məsələsində geri çəkilməyə bir daha məcbur etməyə çalışır. Lakin İran rəhbərliyi indiyədək həsədaparıcı inadkarlıq göstərir: nüvə bombasının yaradılması, əslində, İranın milli ideyasına çevrilmişdir. Əliyev və Buş bu münaqişədə gərginliyin ən yüksək nöqtəyədək artmasını, necə deyərlər, real vaxtda müşahidə edə biləcəklər. Həqiqətən, heç kim müharibə istəmir, xüsusən də elə bir şəraitdə ki, qonşu İraqda müharibə nəinki qurtarmaq bilmir, əksinə, şiddətlənərək fəlakətli və idarəedilməz hal alır.
Xüsusən amerikalıların özlərinin çıxılmaz vəziyyətə düşdükləri vaxtda hiss olunmadan geri çəkilmək üçün etibarlı tərəfdaşlardan istifadə etmək Amerika diplomatiyasının ənənələrinə tam uyğundur. Heç olmasa, əfsanəvi Henri Kissinceri xatırlayaq. Vaxtilə Çin rəhbərliyi ilə görüşü, Riçard Niksonla Mao Tszedun arasında yüksək səviyyədə tarixi görüşü məhz o hazırlamış və bu hazırlığı öz məqamınadək gizli saxlamışdır. “Vasitəçilik diplomatiyası” termini məhz o vaxtdan (Kissincerin gizli səfərlər etdiyi çağlardan) meydana gəlmişdir. Bu gün İranla olduğu kimi, o vaxt da təsəvvürə gətirmək mümkün deyildi ki, ABŞ və Çin kimi iki belə düşmən danışıqlar masası arxasında əyləşəcəkdir. Belə isə, bu müvəffəqiyyət Prezident Əliyevin iştirakı ilə İran istiqamətində niyə təkrar edilməsin? Vaşinqtonda Əliyev-Buş görüşü belə qərarı tapmaq üçün imkanlardan biri ola bilər.
ABŞ ilə İran arasında potensial vasitəçi rolu Qərbin Azərbaycana marağını kəskin surətdə artırır. İndiyədək Ukrayna və Gürcüstan Amerikanın MDB-də siyasətinin ən cəlbedici obyektləri olaraq qalırdı. Bu ölkələrdə prezident hakimiyyətinin zəifliyi nəticəsində ABŞ-a daha sadiq rejimləri hakimiyyətə gətirmək üçün sistemin tarazlığını pozmaq mümkün olmuşdur.
Vaşinqton Azərbaycanda hakimiyyətin sabitsizliyinin heç bir əlamətini görmədi, vəziyyəti özü pozmağa başlamadı. Əvəzində indi İraq fəlakəti ilə, gündən-günə artan İran böhranı ilə, habelə Fələstində HƏMAS hakimiyyətə gəldikdən sonra vəziyyətin təkcə Yaxın Şərqdə deyil, ümumiyyətlə, müsəlman dünyasında kəskin şəkildə mürəkkəbləşməsi ilə üzləşən Vaşinqton nəinki İlham Əliyevin hakimiyyətini hər hansı tərəfdən endiriləcək gözlənilməz zərbələrdən qorumaqda maraqlı olacaq, həm də regional geosiyasət məsələlərində Azərbaycanla qarşılıqlı fəaliyyətin yeni forma və sahələrini axtaracaqdır.
Bununla əlaqədar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tezliklə irəliləyiş olacağını ağlım kəsmir: Amerikadakı erməni lobbisi olduqca güclüdür və hətta bugünkü Azərbaycanla yaxınlaşmanın ABŞ üçün obyektiv surətdə sərfəli olduğu şəraitdə belə, onun müqavimətini tez qırmaq mümkün deyildir.
Lakin Ermənistan bundan sevinməməlidir. O, özgələrin ərazilərinin işğalında nə qədər çox inadkarlıq edirsə, uzunmüddətli, strateji baxımdan bir o qədər uduzur. Böyük dünya dövlətlərinin fəal tərəfdaşı kimi Azərbaycan daha üstün və möhkəm mövqeyə malikdir. Bu mövqe getdikcə yalnız möhkəmlənəcəkdir. Müasir dünyada dövlətin möhkəmliyini ərazilər deyil, məhz tarazlı xarici siyasət müəyyən edir. Elə bir siyasət ki, ölkə nə bu, nə də digər tərəfə meyil edir, resursları daxili inkişafa yönəldir. İtkilərə baxmayaraq, Azərbaycan çox şeyə nail olmuşdur, Ermənistan isə torpaq işğallarından bəhrələnə bilməmişdir.
Bakıya gəldikdə isə, onun Heydər Əliyevin vaxtilə düzgün seçdiyi ehtiyatlı bitərəflik xəttindən bəhrələnməsinin zamanı artıq gəlib çatmışdır. Vaxtilə bu xətt Azərbaycanı təcrid vəziyyətindən çıxarmağa, ölkənin regionda və dünyada əhəmiyyətini bəyan etməyə kömək etmişdir. İndi, Azərbaycan amilini nəzərə almağın vacibliyini ABŞ-ın qəti şəkildə başa düşdüyü vaxtda Bakı özünün konkret regional problemlərinin Vaşinqtonda anlanılması və mümkün birgə addımların müzakirə edilməsi üçün həmin maraqdan faydalana bilər, prezidentlərin birbaşa ünsiyyət kanalından istifadə edə bilər. “Xəbərdardır, deməli, silahlanmışdır” – belə tezis məhz Azərbaycan barəsindədir. Bakı artıq müəyyən mənada həm Moskvanın, həm də Vaşinqtonun iştirakı ilə regional problemlərə dair çoxtərəfli dialoqda səmərəli tərəfdaş rolu oynaya bilər.
İndi İlham Əliyev ən müxtəlif tərəflərin elə bir diqqət mərkəzindədir ki, o, yeni açılan imkanlardan istifadə etməməyi özünə, sadəcə olaraq, rəva görə bilməz.
Tarixə azsaylı xalqların və etnosların böyük millətlərin içində əriyərək, özlərindən sonra heç bir iz qoymadan keçmişə qovuşmaları barədə çoxlu misallar məlumdur. Bu mənada, Azərbaycan burada yaşayan, öz maddi və mənəvi mədəniyyətini, dilini, adətlərini bir çox əsrlər boyu qoruyub saxlayan onlarca xalq və etnik qrup üçün xoş istisnadır.
BURADA RUS MƏNƏVİYYATI YAŞAYIR,
BURADAN RUSIYANIN ƏTRİ GƏLİR
Bu kənddə hamı rus dilində danışır və bir-biri ilə, hətta yad adamlarla mütləq salamlaşırlar. Kəndin adı özü hər şeyi deyir - İvanovka. Eyni biçimdə səliqəli evlər, gül-çiçəkli bağçalar, çöl qapısı ağzındakı kiçik skamyalarda oturan başıyaylıqlı nənələr – bütün bunlar, haradasa, Voronej ətrafındakı rus kəndinin tipik mənzərəsidir. Əgər İvanovka Azərbaycanın İsmayıllı rayonunda yerləşməsəydi, bunda, həqiqətən, qeyri-adi heç nə olmazdı.
Yevgeni KRİŞTALYOV
Rus molokanları Azərbaycanda qədim Rusiya vahəsini, o cümlədən onun həyat tərzini və ənənələrini qoruyub saxlaya bilmişlər. Ötən il Azərbaycan molokanları öz tarixinin 200 illiyini qeyd etmişlər. Bütün bu müddət ərzində ruslar yerli sakinlərlə, başqa dinin – İslam dininin təmsilçiləri ilə dinc yanaşı yaşamışlar.
Mehriban icma halında yaşayan İvanovkada 1931-ci ildə kolxoz yaranmış və bu status indiyədək, artıq müstəqil dövlət olan Azərbaycanda da saxlanılır. Təsərrüfatın nizamnaməsini saxlamağa kolxozun o vaxtkı sədri Nikolay Nikitinə əvvəlki Prezident, Azərbaycanın ümummilli lideri Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində şəxsən özü icazə vermişdir.
Hazırda kolxozun adını daşıdığı Nikolay Nikitin təsərrüfata 41 il başçılıq etmişdir. O, Bakıdakı ali hakimiyyət kabinetlərində belə şəksiz nüfuz sahibi idi. Sədrin vəfatından sonra onun işini özlərini məhz “nikitinçilər” adlandıran şagirdləri davam etdirmişlər. Kolxozun indiki, sayca 13-cü sədri Aleksey Timofeyeviç Kozlovtsov uzun müddət özünün əfsanəvi sələfi və müəllimi ilə çiyin-çiyinə təsərrüfatın baş mühəndisi işləmişdir. Bu gün təsərrüfatçının əsas devizi təxminən belə səslənir: “siyasətlə siyasətçilər məşğul olsunlar, bizim işimiz isə taxıl yetişdirməkdir”. Onu da deyək ki, ivanovkalılar bu işin öhdəsindən məharətlə gəlirlər.
İvanovka bolluq baxımından qonşu kəndlərdən nəzərəçarpacaq dərəcədə fərqlənir. Kənddə 3 mindən çox adam yaşayır, onların da üçdə biri pensiyaçılardır. Buna baxmayaraq, kolxoz öz-özünü tamamilə dolandırır. Bakının mərkəzində Nikitin adına kolxoza məxsus mağaza var. Paytaxtda ən dadlı və ekoloji baxımdan təmiz pendir, xama, şoraba və bərəkətli torpağın digər nemətləri məhz burada satılır. Sədrin “İvanovka – Nikitin adına kolxoz” əmtəə markasını məşhurlaşdırmaq və onu çoxplanlı ciddi brendə çevirmək kimi cəsarətli planı vardır. Azərbaycandakı rus kəndinin qablaşdırılmış ət-süd və digər kənd təsərrüfatı məhsulları tezliklə geniş şəkildə təkcə Azərbaycanın deyil, həm də bütün MDB məkanının bazarına çıxmalıdır.
Gənclər doğma kəndi getdikcə daha az-az tərk edirlər. Oxumağa gedənlər də yenidən torpaqda işləməyə qayıdırlar. Kolxozun rəhbərliyi ümid edir ki, təsərrüfarın qeyri-adi statusu tezliklə qanunvericilik qaydasında təsbit ediləcəkdir – bu barədə vəsatət qaldırmağı Azərbaycan Prezidenti İlham Əliyev şəxsən özü vəd etmişdir. Prezident bir neçə dəfə İvanovkada olmuşdur və hazırda onun göstərişi ilə burada yeni məktəb binası tikilir.
Azərbaycan dövlətinin rus molokanlarının original mədəni muxtariyyətini saxlamaq xətti Moskvada da bəyənilir. Rusiya Prezidenti Vladimir Putinin bu ilin fevralında Bakıya son səfəri zamanı kolxozun sədri və rayon icra hakimiyyətinin nümayəndəsi onunla görüşərək, qonaq dəvət etmişdilər. Təəssüf, Rusiya Prezidentinin sıx iş cədvəli onun rus kəndinə getməsinə imkan verməmişdir. Lakin İvanovka sakinləri Azərbaycana növbəti səfəri zamanı onu gözləyirlər.
QUDYALÇAYIN SAHİLİNDƏ HƏSRƏTİ ÇƏKİLIƏN
TORPAQ
Qudyalçayın sol sahilində başdan-başa gözəl və dəbdəbəli evlər tikilmişdir. Artıq neçə əsrdir burada Azərbaycanın dağ yəhudiləri icması yaşayır. Qırmızı qəsəbənin adı sovet hakimiyyətinin qırmızı qumaş parçadakı şüarlarından xeyli əvvəl meydana gəlmişdir.
Emin KİPKAYEV
Qəsəbə özünün uzun tarixi ərzində bir neçə dövlət quruluşu dəyişikliyi, burada fəaliyyət göstərən 13 sinaqoqun hamısının bağlanması ilə nəticələnən barışmaz ateizm təbliğatının zərbəsini, güclü dağıntılar törədən viranedici zəlzələlər görmüşdür. Lakin Qırmızı qəsəbə hər dəfə qonşu - çayın o biri sahilində yerləşən Azərbaycanın qədim Quba şəhəri ilə çiyin-çiyinə yenidən dirçəlməyə başlamışdır. Qubalılar belə qonşuluqdan həmişə məmnun qalmışlar.
Qırmızı qəsəbə dünyaya məşhur cərrah-travmatoloq Qavriil İlizarovu, digər tanınmış elm, mədəniyyət və incəsənət xadimlərini bəxş etmişdir. Bu kənddən çıxanlar arasında çox zəngin və nüfuzlu moskvalılar, nyu-yorklular, Los-Anceles sakinləri də vardır.
Özlərini ölkənin əksər əhalisinə qarşı qoymamalarını Azərbaycan yəhudilərinin mentalitetinin səciyyəvi xüsusiyyəti hesab etmək olar. Yaşadıqları dövlətin mənafeyi onlar üçün həmişə birinci yerdədir. Ona görə də Azərbaycan hökumətinin salamatlığına ünvanlanmış və mətni qəsəbənin baş sinaqoqunun girişində görkəmli yerdə asılmış xüsusi dua tamamilə təbii qəbul olunur.
Qırmızı qəsəbənin bu günü inkişaf planları ilə zəngindir. Qəsəbə icra hakimiyyətinin başçısı Pesax İsakov bərpa olunmuş altıgünbəzli sinaqoqu fəxrlə göstərdi. Lakin ən böyük sevinc mənbəyi uşaqlardır. Onların qayğısına ilk növbədə qalırlar. Təxminən üç min nəfərin yaşadığı qəsəbədə iki məktəb, inzibati baxımdan Qırmızı qəsəbənin tərkibinə daxil olan qonşu Dağlı kəndində daha bir məktəb fəaliyyət göstərir. Məktəblərdə dərslər, əsasən, rus dilində keçirilir, lakin arzu edənlər üçün Azərbaycan dilində də siniflər açılmışdır. Pesax İsakov əmin etmişdir ki, heç bir məcburiyyətdən söhbət gedə bilməz. Məktəblərdə yəhudilər, azərbaycanlılar, ruslar və ləzgilər təhsil alırlar. Onların hamısı bərabərdir və milliyyətinə görə heş kimə üstünlük vermirik”.
Təhsil müəssisələrinin ivrit dili müəllimləri baxımından da problemləri yoxdur. İsrailin müxtəlif humanitar təşkilatları dil və yəhudilik ənənələrini dirçəltməyə kömək göstərirlər. Öz xalqının mədəniyyəti barədə məktəb proqramının verdiyindən daha çox öyrənməyə çalışan uşaqlar üçün fakültativ “İşiva” yəhudi məktəbi də fəaliyyət göstərir. “Xabad or-arner” yəhudi xeyriyyə təşkilatı Qırmızı qəsəbədə körpələr üçün özünün Bakıdakı təhsil müəssisəsinin filialı olan uşaq bağçası açmışdır. Hazırda burada təxminən 40 uşaq məşğul olur.
İstər Qırmızı qəsəbə və istərsə də bütövlükdə Quba rayonu rəhbərliynin vəzifəsi yeni iş yerləri açmaqdır. Bu, eyni məqsədi daşıyan regionların inkişafı Dövlət proqramı ilə səsləşir. İsakov deyir: “Bizim ciddi planlarımız var, bu da, ilk növbədə, rayonu təkcə Azərbaycanda deyil, həm də bütün Cənubi Qafqazda turizm mərkəzinə çevirməklə bağlıdır”.
LƏZGİ TEATRI
Azərbaycanın Rusiya sərhədlərinə bitişən şimal ərazisini əhatə edən Qusar rayonu ölkənin etnik müxtəlifliyi haqqında daha aydın təsəvvür yaradır. Əlbəttə, bölgə sakinlərinin ordu növü olan qusarlara, qətiyyən aidiyyəti yoxdur, lakin məhz bura 30-dan çox xalqın nümayəndələrinin ümumi evidir.
Aleksandr YUQOV
Əsas etnos sayılan ləzgilər bu inzibati ərazi vahidi əhalisinin 89 faizini təşkil edirlər. 1999-cu il siyahıyaalmasına görə, onlar azərbaycanlılardan sonra sayca (178 min) ölkənin ikinci xalqıdır. Ləzgilər Samur çayının o biri sahilində, Rusiya Dağıstanı ərazisində də (200 min nəfərdən bir qədər çox) yaşayırlar, lakin əsasən, cənubluların şimallı qardaşlarıgilə qonaq getdikləri vaxtlar artıq arxada qalmışdır. Hazırda dağıstanlılar Rusiyanın bu dağ respublikasını vaxtaşırı bürüyən terror və zorakılıq dalğasından qurtulmaq üçün sakitliyin hökm sürdüyü Qusar rayonuna getdikcə daha tez-tez qonaq gəlirlər. Azərbaycan hökumətinin milli azlıqlar üçün öncül istiqamət kimi müəyyənləşdirdiyi mədəni muxtariyyət prinsiplərinin bəhrəsi burada daha səmərəlidir. İndi dünyada şıdırığı “Ləzgihəngi” rəqsindən xəbərsiz adam çətin ki, tapılsın. Ötən əsrin 90-cı illərinin əvvəllərində Qusarda Dövlət Ləzgi Dram Teatrının əsası qoyulmuşdur. Son yeddi il ərzində onun bədii rəhbəri və baş rejissoru öz işinin əsl həvəskarı, istedadlı aktyor Rəhimxan Qaraxanovdur. Teatrın fəaliyyət göstərdiyi illərdə təxminən 40 əsər tamaşa qoyulmuşdur, özü də təkcə ləzgi dilində yox, repertuara həm Azərbaycan klassiklərinin, həm də xarici müəlliflərin əsərləri daxildir.
Teatrın rəhbəri kollektivin qastrolları barədə açıq-aşkar fəxrlə danışır. Qaraxanov deyir: “Ölkənin digər teatrlarından fərqli olaraq, biz qastrol səfərlərinə, əslində, hər il çıxırıq. Truppa Türkiyənin, Rusiyanın və əlbəttə ki, Azərbaycan şəhərlərində tamaşalar göstərmişdir. Bizi hər yerdə sürəkli alqışlarla qarşılamışlar. Dünyada ləzgilər çoxdur və bizə hər bir şəhərdə diqqət və səmimi münasibət göstərilmişdir”.
Artistlərin məharəti Türkiyədə keçirilən beynəlxalq festivalda layiqincə qiymətləndirilmiş, teatr laureatlardan biri olmuşdur. Ötən il Qusar aktyorları tələbkar Bakı tamaşaçıları qarşısında çıxış etmişlər. Lakin Azərbaycanın ləzgi teatrını Dağıstan şəhərlərində daha çox sevirlər. Kollektivin tamaşaları Dərbənd, Daqestanskiye Oqni, Mahaçqala şəhərlərində həmişə anşlaqla keçir. Qusar teatrı qazanılmış uğurlarla kifayətlənmək istəmir. Teatrın repertuarı tezliklə minnətdar tamaşaçının artıq intizarında olduğu yeni quruluşlarla zənginləşəcəkdir.
HƏR CƏHƏTDƏN BİRDİRLƏR
Qafqazın yerli etnoslarından biri olan talışlar nəinki öz folklorunu və dilini, sənətkarlığını və musiqisini qoruyub saxlaya, həm də Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşları kimi, özgünlüyünü inkişaf etdirə bilmişlər.
Əlimərdan ƏLİYEV
Talış xalqı nümayəndələrinin sıx yaşadıqları Azərbaycanın cənub zonası ölkənin ən mənzərəli və bərəkətli guşələrindın biridir. Burada görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin və hərbi xadimlərin bütöv bir nəsli boya-başa çatmışdır. Bölgənin əsas şəhəri olan Lənkəranda Dövlət Universiteti, humanitar kollec, tibb texnikumu, musiqi və incəsənət məktəbləri fəaliyyət göstərir. Bunların tələbə və şagirdlərinin əksəriyyəti talışlardır. Onlar doğma dildə danışığı təkcə ailədə eşitmirlər. Ümumtəhsil məktəblərinin ibtidai siniflərində altı mindən çox şagird talış dilini öyrənir. Demək olar, hamı iki dildə - talış və Azərbaycan dillərində danışır.
Dövlət bu etnosa məxsus tarixi abidələri – xalqın məişətinin və mədəni həyatının şahidi olan “daş kitabələri”, müqəddəs yerləri mühafizə və bərpa edir. Bu yaxınlarda icra hakimiyyətinin təşəbbüsü ilə tanınmış ilahiyyat alimi şeyx Zahid Gilaninin məqbərəsi bərpa olunmuş, türbəyə aparan yol qaydaya salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Yerli hakimiyyət və ictimai təşkilatlar xalq yaradıcılığının, talış xalqının adət və ənənələrinin hifz olunmasına xüsusi qayğı göstərir. Astarada azsaylı xalqların ənənəvi folklor müsabiqələri keçirilir. Bu müsabiqələrdə Azərbaycanda yaşayan müxtəlif milli azlıqların nümayəndələri iştirak edirlər. Talış dili respublika radiosundan, yerli telekanallardan səslənir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev ölkənin cənub rayonlarının sakinləri ilə görüşündə demişdir: “Siz xoşbəxt insanlarsınız. Tanrı sizə dünyanın ən gözəl guşələrindən birini bəxş etmişdir. Bu bərəkətli torpaqda yaşayan talışlar da, azərbaycanlılar da hər cəhətdən birdirlər, siz hamınız vahid Azərbaycan xalqısınız”.
Hidayət ORUCOV, Azərbaycan Respublikasının milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri
“AZƏRBAYCANI HAQLI OLARAQ QAFQAZIN ETNOQRAFİK
İNCİSİ ADLANDIRIRLAR”
Ta qədimlərdən açıq səma altında etnoqrafik muzey adlandırılan Azərbaycanda ölkənin əsas millətinin azsaylı xalqlar və milli azlıqlarla birgə yaşadığı çoxəsrlik tarix ərzində öyrənilməyə layiq zəngin təcrübə toplanmışdır. Onlarca xalq və qövm nümayəndələrinin mənafeyinin necə uyğunlaşdırıldığı, bu məsələdə dövlət siyasəti barədə Hidayət ORUCOV söhbət açır.
Eleonora ABBASQULİYEVA
- Azərbaycan ərazisində yaşayan müxtəlif qövmlər və etnik qruplar mədəniyyətlərini, dil və adətlərini saxlamaqda hansısa çətinlik hiss edirlərmi?
- Bir çox əsrlər boyu Azərbaycanda 115-dən çox etnosun nümayəndələri ən çoxsaylı yerli etnos olan Azərbaycan türkləri ilə yanaşı yaşayıb çalışırlar. Bu tarixi təcrübə azsaylı etnosların və etnik qrupların yoxa çıxması təhlükəsinin aradan qaldırılmasına, milli və konfessional fərqlərə baxmayaraq, sülh və həmrəylik şəraitində yaşamasına parlaq nümunədir. Azərbaycalılarla yan-yana yaşayan digər xalqlara münasibətdə tolerantlıq ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininə xas dözümlülüklə, müxtəlif milli qrupların vahid ərazidə tarixən təşəkkül tapmış birgəyaşayışı ilə izah olunur. Azərbaycanın və Azərbaycan xalqının bütün tarixi ərzində bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, milli azlıqlara münasibətdə ayrı-seçkilik faktları qeydə alınmamışdır. İlk növbədə, ona görə ki, Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə qayğı göstərir. Dağ kəndi Xınalıq sakinlərinin dilinə dövlət münasibəti buna nümunə ola bilər. Bu dilin özlüyündə nadir olmasına və həmin dildə bircə kəndin sakinlərinin danışmasına baxmayaraq, Xınalıq dilində kitablar nəşr olunur, “Xınalıq” mədəniyyət mərkəzi fəaliyyət göstərir.
- Deməli, polietniklik heç bir problem doğurmur və milli münasibətlər sahəsində bütün məsələlər maneələrsiz həll olunur?
- Hətta bu cür əlverişli şəraitdə belə çox şey dövlətdən, ölkədə aparılan milli siyasətdən asılıdır. Məsələ təkcə Konstitusiya ilə təsbit olunmuş qanunlarda və onların həyata keçirilməsində deyildir. Ayrı-ayrı dillərdə danışsalar da, başqa dinlərə etiqad etsələr də, əsrlərlə bizimlə yanaşı yaşayan adamların nə hiss etdiklərini, nə istədiklərini bilmək daha vacibdir. Şübhəsiz ki, dövlətin bu tələbatı nə dərəcədə dolğun təmin etdiyini bilmək də vacibdir. Milli azlıqlar isə öz dillərini, milli-mədəni özgünlüklərini qoruyub saxlamaq, hakimiyyət orqanlarında təmsil olunmaq, ictimai-siyasi proseslərdə fəal iştirak etmək istəyirlər. Bütün bunlar nəinki mümkündür, əslində, əməli olaraq həyata keçirilməkdədir.
Milli azlıqların yığcam yaşadıqları bölgələrdə ibtidai məktəblərdə doğma dilin öyrənilməsi təşkil olunmuşdur, milli dillərdə dərsliklər və tədris proqramları buraxılır. Bu məsələlərə xüsusi diqqət yetirilir. Təhsil Nazirliyi yanında azsaylı xalqların və etnik qrupların dillərinin tədrisi üçün zəruri olan proqram, vəsait və dərsliklərin hazırlanması və nəşri şurası fəaliyyət göstərir. Dövlət vəsaiti hesabına rus, talış, kürd, ləzgi, saxur, tat dillərində və digər dillərdə əlifba kitabları və başqa dərsliklər nəşr olunmuşdur.
- Sizcə, polietnikliyi ilə fərqlənən ölkələrdə dövlətin siyasəti etnik qrupların saxlanılmasına yönəldilməlidir, yoxsa, hər halda, təbii assimilyasiyaya üstünlük verilməlidir?
- Xarici müəlliflərin kitablarını nə üçün oxuyuruq? Nə üçün səyahət edirik? Bu suala cavabların müxtəlifliyinə baxmayaraq, bir məqam ümumi olacaqdır: digər xalqların və millətlərin necə yaşadıqlarını, onların bizimlə oxşar və fərqli cəhətlərini bilməyimiz maraqlıdır. Dünya öz müxtəlifliyi ilə maraqlıdır. XXI əsrdə azsaylı xalqların, milli azlıqların və etnik qrupların təbii assimilyasiyasından necə danışmaq olar? Beynəlxalq birliyin hazırda əsaslandığı demokratik dəyərlər elə dilindən, dinindən, irqi və milli mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq, hər bir insanın hüquqlarını qorumaqdan ibarətdir. Bu dəyərlər dövlətimizdə də əsas dəyərlər sayılmış, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur. Mən sayı 3 mindən çox olmayan xınalıqlılara göstərilən qayğıdan artıq danışdım. Elə həmin Quba rayonunda ta qədimdən digər etnosun – kiçik xalqların Şahdağ qrupuna daxil olan qrızların nümayəndələri yaşayırlar.
Bu qruplardan hətta birinin belə yoxa çıxması əvəzsiz itki olar və etnik zənginliyin kasadlaşmasına gətirib çıxara bilər.--0--
X X X
Materiallar Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin köməyi ilə hazırlanmışdır.
Azərbaycan-Amerika münasibətləri
Dövlət Ləzgi Teatrının “Tamahkar kimdir?” tamaşasından səhnə
Qırmızı qəsəbə
Ruslar
Yəhudilər
Talışlar
Müsahibə