Tənəffüs sistemi xəstəliyi uşaqlara daha çox əziyyət verir
Bakı, 26 dekabr, AZƏRTAC
Son vaxtlar havaların soyuq keçməsi ilə əlaqədar uşaqlar arasında qripəbənzər xəstəlik yayılıb. Xəstəlik əsasən qızdırma ilə başlayır, sonra isə öskürəyə keçir, lakin burunaxma və asqırma kimi əlamətlər olmur. Bu isə valideynləri narahat edir.
Bununla bağlı Azərbaycan Tibb Universitetinin terapevtik və pediatrik propedevtika kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Mədinə Hacıyeva AZƏRTAC-a bildirib ki, ümumiyyətlə, yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri el arasında həmişə qrip adlandırılıb. Əslində bu xəstəlikləri müxtəlif viruslar, nadir hallarda isə bakteriyalar törədir. Törədicidən asılı olaraq xəstəliyin əlamətləri də fərqli ola bilər. Qızdırma infeksion amilə qarşı orqanizmin normal cavab reaksiyasıdır. Burunaxma və asqırma isə tənəffüs yollarının infeksiyasını törədən bütün viruslara mütləq şəkildə xas deyil. Əlbəttə, bu, qrip xəstəliyi deyil. Lakin qeyd etməliyəm ki, heç qrip xəstəliyində də burundan ifrazat olmur.
Xəstəliyi törədən səbəblərə gəlincə, pediatr deyib ki, bəzi əlamətlərə fikir vermək lazımdır. Düzdür, hər bir xəstədə bəlğəmin bakterioloji analizini aparmaq mümkün olmadığına görə törədicini də təyin etmək olmur. Lakin bəlğəmin müayinəsi zamanı daha çox mikoplazma infeksiyasına rast gəlinir. Bu infeksiyanın əsas əlamətlərindən biri tutmaşəkilli boğucu öskürək olduğuna görə çox vaxt xəstəliyi göyöskürəyə bənzədirlər. Bəzi hallarda isə virus bakterial mənşəli, yəni, qarışıq törədici xəstəliyə səbəb olur.
Həkim vurğulayıb ki, bəzən valideynlər belə hallarda uşaqları həkimə aparmayıb özləri qızdırmanı salmaqla kifayətlənirlər. Ancaq istənilən halda həkimlə əlaqə saxlamaq lazımdır. Çünki son zamanlar atipik pnevmoniyalar geniş yayılıbdır ki, bunların da törədiciləri xlamidiya, mikoplazma və virus ola bilər. Qızdırma çox yüksəkdirsə, həkim gələnə qədər parasetamol tərkibli dərman preparatlarından istifadə etmək olar. Əgər qızdırma ilə yanaşı, bədəndə ağrı da varsa, ibuprofen tərkibli preparatlar məsləhətdir. Digər dərman vasitələrini isə yalnız xəstəni hərtərəfli müayinə etdikdən sonra həkim təyin etməlidir.
Müraciət edənlər arasında tənəffüs yolları xəstəliklərinə daha çox rast gəlindiyini bildirən M.Hacıyeva qeyd edib ki, böyüklərdən fərqli olaraq tənəffüs sistemi xəstəliyi, hətta ən yüngül halda belə, uşaqlara daha çox əziyyət verir.