Tərtər rayonunda tibbi müayinədən keçənlərin sayı 16 min nəfərə çatmışdır
Tərtər, 5 mart (AZƏRTAC, Tahir Ağaməmmədov). Tərtər rayonunda əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir. Rayon sakinləri mərkəzi rayon xəstəxanasında, Azad Qaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, həmçinin həkim məntəqələrində müayinə olunur, öz sağlamlıqları barədə hərtərəfli məlumat əldə edirlər. Artıq idarə və təşkilatların, təhsil müəssisələri kollektivlərinin tibbi müayinəsi başa çatmışdır. Həmçinin 51 yaşayış məntəqəsindən 12-də sakinlər müayinədən keçirilmişdir.
Bu barədə AZƏRTAC-a Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov məlumat vermişdir.
Mərkəzi rayon xəstəxanasının baş həkiminin müavini Sevda Əliyeva bildirmişdir ki, rayonun səhiyyə işçiləri əhalinin sağlamlığının qorunmasına yönələn bu nəcib aksiyaya hamılıqla qoşulmuşlar. Fevralın 17-dən indiyədək tibbi müayinədən keçənlərin sayı 16 min nəfərə çatmışdır. Müayinə olunmuş sakinlərdən 200-ə yaxını ambulator, 18-i stasionar müalicəyə cəlb edilmiş, 9 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.
Dövlətimizin başçısının əhalinin sağlamlığına bu diqqət və qayğısı sakinlər tərəfindən rəğbətlə qarşılanır. Rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev tibbi müayinələrin təşkilindən, həkimlərdən, yaradılan şəraitdən razılıq edərək demişdir:
- Sağlam bədəndə sağlam ruh olar. Bu baxımdan ölkə əhalisinin tibbi müayinəsi olduqca təqdirəlayiqdir. Prezidentimizin nəcib təşəbbüsü xüsusən yaşlı nəslin nümayəndələri tərəfindən böyük razılıqla qarşılanır. Əhalinin sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğıya görə rayon ağsaqqalları adından Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istərdim.