Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 21-də tibbi müayinələr başa çatmışdır
Tərtər, 4 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da mütəşəkkil surətdə icra olunur.
Tərtər rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin müdiri Şükür Məmmədov AZƏRTAC-a bildirmişdir ki, rayonun tibb işçiləri əhalinin sağlamlığının qorunmasına yönələn aksiyada fəal iştirak edirlər. Sakinlər rayon mərkəzi xəstəxanasında, Azad Qaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, həmçinin kəndlərdə yerləşən həkim məntəqələrində müayinə olunurlar. Artıq idarə və təşkilatların, təhsil müəssisələrinin kollektivlərinin tibbi müayinəsi başa çatmış, rayonun 51 yaşayış məntəqəsindən 21-də sakinlər müayinədən keçirilmişdir. Müayinələri əsasən, terapevt, cərrah, oftalmoloq, ginekoloq, kardioloq, nevropatoloq, stomatoloq və digər tibb mütəxəssisləri aparırlar. Fevralın 17-dən indiyədək 38 min 609 nəfər tibbi müayinədən keçmişdir. Vətəndaşlardan 1395 nəfər ultrasəs, 401 nəfər kardioloji EKO, 281 nəfər rentgen aparatı vasitəsilə müayinə olunmuş, 1120 nəfərdən qan analizi götürülmüşdür. Xəstəlik aşkar olunmuş sakinlərdən 2559 nəfəri ambulator, 72 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 33 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.
Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova AZƏRTAC-a müsahibəsində demişdir ki, çalışdığı tibb ocağında da əhalinin müayinəsi uğurla davam edir. Hər gün onlarla kənd sakini xəstəxanaya gələrək müayinə olunurlar. Sakinlər daha çox ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir. İxtisaslı müayinə tələb olunan xəstələr rayon mərkəzi xəstəxanasına göndərilir.
Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğısı sakinlər tərəfindən minnətdarlıqla qarşılanmışdır.
Rayonun Qaradağli kənd sakini Fariz Qurbanov müayinələrin təşkilindən, yaradılan şəraitdən razı qaldığını ifadə edərək, insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.