Tərtərdə beş gün ərzində 5434 sakin müayinə olunmuşdur
Tərtər, 21 fevral (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov AZƏRTAC-a bildirmişdir ki, tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi komissiya və qərargah yaradılmış, tibb ocaqlarında qrafik tərtib edilmişdir. Sakinlər mərkəzi rayon xəstəxanasında, Azad Qaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, həmçinin kəndlərdəki həkim məntəqələrində müayinə olunurlar. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət 5 həkim briqadası tərəfindən fevralın 17-dən indiyədək 5434 sakin tibbi müayinədən keçirilmişdir. Bu humanitar aksiya dövlətimizin başçısının əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yaşar Hüseynov bildirmişdir ki, tibbi müayinələr xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə edilməsi baxımından çox əhəmiyyətlidir. Bu xeyirxah aksiyanın keçirilməsi üçün rayonda hər cür şərait yaradılmışdır. Vətəndaşlar kardioqram, ultrasəs, rentgen, laborator və digər müayinələrdən keçirilir. Xəstəlik aşkar olunmuş şəxslər stasionar və ambulator müalicəyə cəlb edilirlər.
Tərtər şəhər sakini Faiq Məmmədov AZƏRTAC-a müsahibəsində müayinələrin təşkilindən, xəstəxanada yaradılan şəraitdən razı qaldığını ifadə edərək, insanlarının sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.