Tərtərli seçicilər öz iradələrini sərbəst və azad şəkildə ifadə edirlər
Tərtər, 11 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda prezident seçkiləri uğurla keçirilir. Tərtərli seçicilər məntəqələrə gələrək öz səsvermə hüquqlarından istifadə edirlər.
95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının sədi Həmid Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səsvermə seçki dairəsinin 38 məntəqəsində təşkil olunub. Məntəqələrdə səsvermənin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, 8 məntəqədə veb-kamera quraşdırılıb. Səsvermə prosesini 390 müşahidəçi izləyir. Dairə üzrə seçicilərin ümumi sayı 38 min 38 nəfərdir. 132 nəfər gənc ilk dəfə olaraq seçki hüququndan istifadə edir. 17 seçicinin isə yaşı 100-dən yuxarıdır.
Seçki dairəsinin digər məntəqələrində olduğu kimi, Tərtər rayon Mədəniyyət Mərkəzinin binasında yerləşən 1 saylı məntəqədə də səsvermə yüksək səviyyədə keçirilir. Məntəqə seçki komissiyasının sədri Məzahir Cəfərov bildirib ki, məntəqədə səsvermənin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb, səsvermə prosesini onlayn izləmək üçün veb-kamera quraşdırılıb. Burada səsvermə hüququ olan 1404 nəfər seçici səhər saat 8.00-dən etibarən məntəqəyə gəlir, vətəndaşlıq borclarını yerinə yetirirlər. Sakinlər, xüsusən də qadınlar səsvermədə fəallıq göstərirlər.
Səsvermədə iştirak edən Tərtər şəhər sakini Əhməd Əhmədov deyib: “Səsvermə şəffaf, demokratik keçir. Heç bir təzyiq yoxdur. Məntəqədə seçicilər üçün yaradılan şəraitdən razıyam”.
Səsvermənin gedişini izləyən müşahidəçı Elman Hüseynov isə səhər saat 8-dən məntəqədə olduğunu, heç bir qanun pozuntusuna rast gəlmədiyini bildirib.