Test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin nəzərinə
Bakı, 6 may, AZƏRTAC
İnzibati rəhbər vəzifələrə (A növü) aid vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün mayın 5-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün bu gündən başlayaraq mayın 20-si saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg linkində müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
-ali təhsil haqqında sənədin surəti;
-əmək kitabçasının surəti (olduğu halda);
-ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiqləyən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələrində yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 108) təqdim etməlidir.
Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.