TEXNİKİ UNİVERSİTETDƏ VİDEOKONFRANS MƏRKƏZİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ərəfəsində Azərbaycan Texniki Universitetində (AzTU) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə İsveçin Hoteborq İnformasiya Texnologiyaları Universitetinin birgə layihəsi olan videokonfrans mərkəzi yaradılmışdır.
AzTU-nun rektoru, professor Havar Məmmədov çıxış edərək, ümummilli liderimiz, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük önəm verdiyini bildirmiş, dahi rəhbərimizin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır. Rəhbərlik etdiyi ali məktəbdə son illər qazanılan nailiyyətlərdən danışan rektor, eyni zamanda, yeni mərkəzin yaradılmasında xidməti olanlara və tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.
Diqqətə çatdırılmışdır ki, mərkəzdə informasiya texnologiyaları vasitəsilə ali təhsil müəssisələri ilə distant təhsil təşkil ediləcəkdir.
Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev cəmiyyətin inkişafında elmin, təhsilin, informasiya texnologiyalarının rolundan bəhs etmiş, yeni mərkəzin imkanlarından geniş və səmərəli istifadə ediləcəyinə əmin olduğunu söyləmiş, ona uğurlar arzulamışlar.
Sonra tədbir iştirakçıları İsveçin Hoteborq İnformasiya Texnologiyaları Universiteti, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti arasında keçirilən videobağlantıda iştirak etmişlər.