Texnologiya əsrində mütaliə: Uşaqlar niyə kitab oxumur?
Bakı, 24 sentyabr, AZƏRTAC
Kitab oxumaq uşaqların dünyagörüşünü genişləndirir, düşünmə və öyrənmə bacarıqlarını inkişaf etdirir. Lakin müasir dövrdə telefon, planşet və kompüterə marağın artması uşaqların mütaliəyə ayırdığı vaxtı azaldır. Bəs uşaqları kitab oxumağa cəlb etmək niyə getdikcə çətinləşir?
Azərbaycan Təhsil Cəmiyyətinin üzvü, Bakı şəhəri 139 saylı tam orta məktəbin müəllimi Samirə Rüstəmova AZƏRTAC-a açıqlamasında bildirib ki, bunun əsas səbəblərindən biri texnologiyanın həyatımızda böyük yer tutmasıdır. Müasir dövrdə uşaqlar internet, sosial şəbəkələr, videooyunlar və müxtəlif əyləncəli tətbiqlərlə daha çox vaxt keçirirlər. Telefon və planşetdə qısa videolara baxmaq onlar üçün daha sadə və əyləncəli göründüyündən uzun müddət kitab oxumaq nisbətən çətin və darıxdırıcı gələ bilər.
Onun sözlərinə görə, digər səbəb uşaqların dərs və gündəlik məşğuliyyətlərinin çox olmasıdır. Məktəb dərsləri, əlavə hazırlıqlar, kurslar və digər fəaliyyətlər uşaqların boş vaxtını azaldır. Nəticədə kitab oxumaq üçün kifayət qədər vaxt qalmır. Bəzən uşaqlar kitabı məcburiyyət kimi də qəbul edirlər. Əgər uşaq yalnız müəllimin tapşırığı olduğu üçün kitab oxuyursa, bu fəaliyyətə marağı daha da azala bilər. Ailənin və ətraf mühitin də burada böyük rolu vardır. Evdə valideynlərin kitab oxuduğunu görən uşaq kitab oxumağa daha çox maraq göstərə bilər. Əksinə, ailədə hamı vaxtını telefonda keçirirsə, uşağın da eyni davranışı təkrarlaması təbiidir. Buna görə uşaqlarda kitab sevgisinin formalaşmasında ailə mühüm nümunə rolunu oynayır.
İbtidai sinif şagirdlərinin kitab oxumağa qarşı qavrayışlarını müəyyən etməyə yönəlmiş tədqiqatda onların oxumaq istədikləri kitabların xüsusiyyətlərinə diqqət yetirərkən “kitabın adı, müəllifi, üz qabığı, qalın-nazik olması, rəngi” kimi məqamları önə çəkdikləri müəyyənləşdirilib. Tədqiqatda şagirdlərin hansı növ kitablardan xoşlandıqları ilə bağlı cavablarında isə “hekayə, şeir, əyləncə-yumor, komiks, elmi-fantastika və xatirə (memuar)” üstünlük təşkil edib.
Müsahibimiz bildirib ki, araşdırma zamanı 2005–2009-cu illərdə nəşr olunmuş müxtəlif növ 100 uşaq kitabı təhlil edilib. Kitabların 66 faizi hekayə, 26 faizi nağıl, 4 faizi uşaq romanı, 3 faizi komiks, 1 faizi isə maarifləndirici kitablardan ibarət olub. Əsərlərdə ən çox işlənən əsas obraz xüsusiyyətləri “ağıllı, maraqlı və xeyirxah”, köməkçi obraz xüsusiyyətləri isə “xeyirxah, yardımsevər və bədxah” kimi müəyyən edilib. Tədqiqatlarda şagirdlərin kitab seçərkən xüsusilə heyvan fiqurlarını, canlı və gerçəyə yaxın, uşaqların marağını çəkən illüstrasiyaları üstün tutduqları da müşahidə olunub.
S.Rüstəmova əlavə edib ki, buna baxmayaraq, kitab öz əhəmiyyətini itirmir. Çünki kitab insanın yalnız biliyini deyil, həm də düşünmə, təsəvvür etmə və düzgün qərar vermə bacarığını inkişaf etdirir. Uşaqlara kitabı sevdirmək üçün onları düzgün istiqamətləndirmək və oxumağı maraqlı fəaliyyətə çevirmək vacibdir.