Teymur Rəcəbov: Dünya Kubokunda zəif rəqib yoxdur
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda keçirilən Dünya Kubokunun ilk mərhələsində qələbə qazanıb. Şahmatçımız ABŞ-ı təmsil edən və bu ölkənin tarixində ən gənc qrossmeyster adına (13 yaşında) yiyələnən erməni əsilli Samuel Sevyanı mübarizədən kənarlaşdırıb.
AZƏRTAC xəbər verir ki, ilk iki oyunda heç-heçə edən T.Rəcəbov rəqibini tay-breykin hər iki partiyasında məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Qələbədən sonra Azərbaycan qrossmeysteri Teymur Rəcəbov təəssüratlarını bölüşüb: “İlk görüşdə kifayət qədər yaxşı şahmatçıya qarşı oynadım. ABŞ-ın tarixində ən gənc qrossmeyster olan istedadlı şahmatçı ilə mübarizə apardım. Heç-heçəylə başa çatan görüşlər çətin alındı. Hərçənd, ilk görüşdə yaxşı üstünlüyə malik idim. Rəqib həmin partiyada çətin vəziyyətdən çıxmağı bacardı. Qələbə qazanmaq üçün imkanım böyük idi. İkinci görüşdə isə həmkarım heç-heçəyə oynayırdı. Ümumi nəticə bərabər olduğu üçün qalibi tay-breykdə müəyyənləşdirməli olduq. Tay-breykdə lazımi nəticəni qazandım. Dünya Kuboku üçün tay-breyk normal haldır. Bəzi görüşlərdə duelin taleyi məhz bu mərhələdə həll olunur”.
Teymur Rəcəbov, eyni zamanda, Bakıda keçirilən Dünya Kubokunun iştirakçılar baxımından çox güclü olduğunu bildirərək deyib: “Dünya Kubokunda zəif rəqib yoxdur. Bütün şahmatçılar paytaxtımıza uğur qazanmaq üçün gəlib. Rəqabət çox yüksəkdir. Bakıdakı yarış Dünya Kuboku tarixində ən güclüdür. Hər bir şahmatçımız mümkün qədər yaxşı çıxış etməyə çalışır. Məqsədim hər mərhələni keçməkdir".