CƏMİYYƏT
Təyyar Eyvazov: insan, eyni zamanda, həm koronavirusa həm də qripə yoluxa bilər
![Təyyar Eyvazov: insan, eyni zamanda, həm koronavirusa həm də qripə yoluxa bilər](/files/2022/3/1200x630/16673936506290632470_1200x630.jpg)
Bakı, 2 noyabr, AZƏRTAC
Hazırda Azərbaycanda qrip virusunun olması təsdiqlənməyib. Belə ki, respirator əlamətləri olanlar həm qrip, həm də koronavirusa görə yoxlanılıblar. Lakin heç bir nümunədə qrip virusu aşkar edilməyib. Xəstələnən şəxslər digər kəskin respirator virus infeksiyalarına yoluxublar.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Mütəxəssis-ekspertin sözlərinə görə, insan, eyni zamanda, həm koronavirusa həm də qripə yoluxa bilər. Bu da daha çox immuniteti zəif olan şəxslərdə qeydə alına bilər: “Bu, çox ağır haldır. Çünki hər iki virusun hədəf orqanı ağciyərlərdir. Hər iki virusun eyni anda ağciyərləri vurması fəsadlaşmalarla müşahidə oluna bilər”.
Ölkədə COVID-19-la bağlı epidemioloji vəziyyətə də toxunan T.Eyvazov vəziyyəti qənaətbəxş olaraq qiymətləndirib: “Yeni yoluxma sayları ikirəqəmli ədədlərlə ifadə olur. Xəstələrin sayı azdır, 300 civarındadır. Bu, çox yaxşı vəziyyətdir. Bəzi vətəndaşlar COVID-19-u yüngül keçirir və test üçün müraciət etmirlər. Statistika real göstəriciləri əks etdirməsə də, aktiv xəstələrin sayı çox deyil”.