Təyyar Eyvazov: Koronavirusun yeni dalğası zamanı maskalardan istifadə olduqca vacibdir
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycan koronavirusun yeni dalğasının başlanğıcındadır. Hər birimiz müəyyən mənada risk qarşısındayıq. Lakin bu dalğa uzunmüddətli olmayacaq. Burada söhbət bir neçə həftədən gedir. Qoruyucu tədbirlərə əməl edildiyi təqdirdə yoxuma hallarının pik dövrünü rahat keçirə bilərik.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi instaqram səhifəsində canlı yayım zamanı deyib
“Aparılan tədqiqatlara görə, maskaların qoruyuculuğu düzgün istifadə və sosial məsafənin gözlənilməsi ilə daha da artır. Maska taxan şəxs həm özünü, həm də risk qruplarına daxil olanları qoruyur. Yəni koronavirusun yeni dalğası zamanı maskalardan istifadə olduqca vacibdir. Maska taxarkən onun üzdə kip oturduğuna da fikir verməliyik. Çünki insan asqırıb, öskürdükdə viruslar havada rahatlıqla başqasına yoluxa bilər. Tibbi maskalar adi parça maskalarla müqayisədə dəfələrlə daha çox qoruyucudur”.
Xatırladaq ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa yoluxma hallarının artması ilə bağlı vətəndaşlara qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edib.