“Thales” dəniz dronları üzrə ixtisaslaşmış “Exail Technologies”i satın alır
Paris, 6 iyul, AZƏRTAC
Fransanın yüksək texnologiyalar nəhəngi “Thales” dəniz dronları və naviqasiya sistemləri üzrə ixtisaslaşmış Fransa-Belçika şirkəti olan “Exail Technologies”in alınması ilə bağlı razılıq əldə etdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, razılaşmaya əsasən, “Thales” ilk mərhələdə “Exail Technologies”ə nəzarət edən Qorje ailəsinin sahib olduğu 35,51 faizlik payı satın alacaq. Daha sonra şirkətin bütün səhmlərinin alınmasını nəzərdə tutan ictimai satınalma təklifi irəli sürüləcək. Təklif edilən 134 avro səhm qiyməti “Exail Technologies”i təxminən 3,9 milyard avro dəyərində qiymətləndirir.
“Thales”in baş icraçı direktoru Patris Keyn bildirib ki, bu əməliyyat Avropanın yüksək texnologiyalar sahəsində sənaye bazasını gücləndirəcək və həm mülki, həm də hərbi müştərilər üçün innovativ həllərin inkişafını sürətləndirəcək.
“Exail Technologies”in rəhbəri Rafael Qorje isə “Thales”ə qoşulmağın şirkətin suveren və ikili təyinatlı texnologiyalarının inkişafına yeni imkanlar açacağını vurğulayıb.
Bu razılaşma “Exail Technologies” ilə Fransanın mühərrik istehsalçısı “Safran” arasında satınalma danışıqlarının dayandırılmasından üç gün sonra əldə olunub.
“ECA Group” və “iXblue” şirkətlərinin birləşməsi nəticəsində yaradılan “Exail Technologies” 2025-ci ildə 479 milyon avro dövriyyə əldə edib ki, bu da əvvəlki illə müqayisədə 28 faiz çoxdur. Şirkətin gəlirlərinin yarıdan çoxu müdafiə sektorundan formalaşır və burada təxminən 2200 əməkdaş çalışır.
İyirmi ildən artıqdır dəniz dronları istehsal edən “Exail Technologies” 2019-cu ildə Belçika və Niderland hərbi dəniz qüvvələri üçün minaaxtaran sistemlərin hazırlanmasına dair iri müqavilə imzaladıqdan sonra sürətli inkişaf mərhələsinə qədəm qoyub. Həmin vaxtdan şirkətin sifariş portfeli 10 dəfə artaraq 1 milyard avronu ötüb.
Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı risklər bu cür avtonom sistemlərin strateji əhəmiyyətini daha da artırıb. “Exail Technologies”, həmçinin GPS siqnallarının bloklandığı şəraitdə belə dəqiq mövqe və istiqamət təyin etməyə imkan verən inersial naviqasiya sistemlərinin hazırlanması ilə tanınır. Bu texnologiyalar müasir pilotsuz platformaların əsas komponentlərindən hesab olunur.