Tibb ictimaiyyətinin nümayəndələri görkəmli alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anıblar
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim, qayğıkeş insan Zərifə Əliyevanın anadan olmasından 99 il ötür.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu münasibətlə aprelin 28-də səhiyyə naziri Teymur Musayev başda olmaqla tibb ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda olublar. Əvvəlcə xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.
Daha sonra Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.
Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.