CƏMİYYƏT
Tibb tələbələri Gənclər üçün “Açıq qapı” günündə iştirak edib
Bakı, 2 noyabr, AZƏRTAC
Tibb tələbələri Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi çərçivəsində müxtəlif fəaliyyətlərdə aktiv iştirak edir.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Avropa İmmunlaşdırma Həftəsi ilə əlaqədar olaraq Şamaxı rayonunun 6 kəndində layihə çərçivəsində keçirilən immunlaşdırma kampaniyasında iştirak edən gənclər əhali arasında COVID-19 və uşaq peyvəndlərinə dair maarifləndirmə işləri, yetkin insanların və uşaqların vaksinasiyası, eyni zamanda əhalinin sağlamlıq risklərinin qiymətləndirilməsi və uşaqların boy və çəki monitorinqi kimi fəaliyyətlər aparıb.
Leylaxanım Kərimli, Cəmilə İsmiyeva və Məkanə Abbaslı Avropa İttifaqının oktyabr ayı boyunca davam edən “Avropa gənclər ili” kampaniyasının iştirakçılarıdır. Gənclər bu münasibətlə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin elan etdiyi Gənclər üçün “Açıq qapı” günündə iştirak edərək layihə çərçivəsində qazandıqları təcrübədən danışıb.