Tibb Universitetində Attestasiya Komissiyasının üzvləri ilə görüş keçirilib
Bakı, 13 oktyabr (AZƏRTAC). Oktyabrın 13-də Azərbaycan Tibb Universitetində (ATU) rezidentlərin 2014/2015-ci tədris ili üzrə yekun attestasiyasının keçirilməsinə dair tədbir keçirilib.ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Attestasiya Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, akademik Əhliman Əmiraslanov rezidentura pilləsində səviyyəli və bacarıqlı mütəxəssislərin hazırlanmasının vacibliyinə toxunaraq bu sahədə qazanılmış uğurlardan danışıb. Bildirilib ki, rezidenturaya qəbul olan tələbələrin bilik səviyyəsi ildən-ilə yüksəlir.
“Əvvəllər on bazada mütəxəssislər hazırlanırdısa, hazırda bazaların sayı 37-yə çatır. Bu bazalara idarəçilik çətinlik yaratdığından savadlı mütəxəssislərin hazırlanmasına nəzarət edən bir qurumun yaradılmasına ehtiyac var”,- deyə rektor bildirib.
Akademik Ə. Əmiraslanov rezidentlərin hazırlanmasında xarici ölkələrin, o cümlədən Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqinin yaxşı nəticələr verəcəyini də vurğulayıb.
Tədbirdə rezidenturada təhsil səviyyəsinin yüksəldilməsi ilə bağlı müxtəlif təkliflər də səsləndirilib.
Hazırda ATU-da 587 nəfər rezidenturada təhsil alır. Universitet üzrə 70 rezident xarici ölkələrdə (Türkiyə Almaniya, Çin, İsveç və s) rotasiya keçib. Ölkəmizdə ATU ilə yanaşı, digər bazalarda da təhsil alan rezidentlərin sayı 1500-ə çatır. Bu il cəmi 94 nəfər rezident yekun attestasiyasında iştirak edəcək. Onlardan 35 nəfəri ATU-nun rezidentləridir.