CƏMİYYƏT
Tibb Universitetinin rektoru beynəlxalq forumda universitetdə aparılan islahatlar barədə məlumat verib
![](/files/galleryphoto/2022/3/1200x630/16654127421923845672_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665412684542029579_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16654126842510264324_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16654126843725541915_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16654126843946563674_1200x630.jpg)
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli Qazaxıstanın Almatı şəhərində təhsilin keyfiyyətinin təmin edilməsi üzrə VI Mərkəzi Asiya Beynəlxalq Forumunda iştirak edib. “Qlobal təhsil məkanında transmilli qarşılıqlı fəaliyyət” mövzusuna həsr edilmiş tədbirə Niderland, Hindistan, Türkiyə, Latviya, Moldova və digər dövlətlərdən universitet rəhbərləri, təhsil ekspertləri də qatılıblar.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, professor Gəray Gəraybəyli forumda “Tibb təhsilində tədrisin keyfiyyətinin artmasında rəqəmsal texnologiyaların rolu” mövzusunda çıxış edib. O, ATU-da son illər aparılan islahatlar, tədris proqramındakı yeniliklər, pandemiya dövründə uğurla tətbiq edilən rəqəmsal texnologiyalar barədə iştirakçılara ətraflı məlumat verib.
Forumda “Qlobal reallığın təhsilin inkişafına təsiri”, “Universitet memarlığı: Yeni modellər və imkanlar”, “Tələbəyönlü yanaşma: idarəetmə və mədəniyyət”, “Reytinq - akademik liderliyə gedən yol” mövzusunda panel sessiyalar keçirilib. Beynəlxalq təşkilatlar və agentliklərlə əməkdaşlığın genişləndirilməsi, keyfiyyət mədəniyyətinin yüksəldilməsi və akademik ictimaiyyətlə əmək bazarı arasında konstruktiv əlaqənin yaradılması istiqamətində müzakirələr aparılıb.
Forumun sonunda isə bəzi universitetlərə Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR - Independent Agency For Accreditation and Ratıng) akkreditasiyasına dair sertifikatlar təqdim olunub. Qeyd edək ki, Dünya Tibb Təhsili Federasiyası tərəfindən 2017-ci ildən etibarən rəsmi şəkildə tanınan IAAR təşkilatı indiyədək 12 ölkədən 125 ali təhsil müəssisəsini akkreditasiyadan keçirib ki, bu siyahıya Azərbaycandan yeganə olaraq ATU daxildir.
Qeyd edək ki, Almatıda keçirilən beynəlxalq tədbirə qatılan nümayəndə heyətində ATU-nun ümumi işlər üzrə prorektoru Nizami Adilov və rektorun müşaviri İlqar Mehrabov da təmsil olunublar.