Tibbi aksiyadan indiyədək Qubanın 42 mindən çox sakini yararlanmışdır
Quba, 6 mart (AZƏRTAC, Elxan Yusifli). Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Quba rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Bu məqsədlə yaradılmış komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova AZƏRTAC-a bildirmişdir ki, aksiyanın mütəşəkkil keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri görülmüş, lazımi şərait yaradılmışdır. Həmçinin xüsusi tədbirlər planı hazırlanmış, qrafik tərtib edilmişdir. Bu günədək rayondakı tibb müəssisələrində ümumilikdə 42 mindən artıq sakin tibbi müayinədən keçərək sağlamlıqları haqqında məlumat əldə etmişdir.
Quba Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Səməd Məmmədovun AZƏRTAC-a verdiyi məlumata görə, indiyədək bu tibb müəssisəsinə 7 min vətəndaş müraciət edərək dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən tibbi müayinələrdən yararlanmışdır. Onlar ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunmuş, eləcə də ultrasəs müayinələrindən keçirilmişlər. Təxminən min nəfər təkrar müayinə üçün qeydiyyata alınmışdır. Baş həkim qeyd etmişdir ki, dövlətimizin başçısının humanistliyindən irəli gələn bu aksiya əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması baxımından olduqca əhəmiyyətlidir.
Hazırda Quba Müalicə-Diaqnostika Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası ilə yanaşı, rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən 21 həkim və 91 tibb məntəqəsində müayinələr uğurla davam etdirilir.