Tibbi müayinə aksiyası dövlət başçısının ölkə vətəndaşlarını sağlam görmək arzusundan qaynaqlanır
Bakı, 17 mart (AZƏRTAC, Elçin Hüseynov). Bir həqiqəti deyim ki, insanların sağlamlığı bütövlükdə cəmiyyətin sağlamlığıdır. Özünüz də şahid oldunuz ki, burada sakinlərin rahat şəkildə tibbi müayinələrdən keçmələri üçün bütün lazımi şərait yaradılmışdır. Mən də müayinələrdən keçərək öz sağlamlığım barədə ətraflı məlumat əldə etdim. Bunun üçün Prezident İlham Əliyevə minnətdaram. Bugünkü tibbi müayinə aksiyası dövlət başçısının ölkə vətəndaşlarını sağlam görmək arzusundan qaynaqlanır.
Bu sözləri AZƏRTAC-a martın 17-də Sabunçu rayonundakı 11 nömrəli şəhər poliklinikasında 271 nömrəli tam orta məktəbin direktoru Səməndər Məmmədov müayinədən sonra demişdir.
Poliklinikanın baş həkiminin müavini Ramiz Xanməmmədov isə bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi aksiyası xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Bizim poliklinika da bu aksiyaya qoşulmuşdur. İndiyədək poliklinikada 9 min 677 nəfər tibbi müayinədən keçmişdir. Onlardan 231 nəfərində müxtəlif xəstəliklər aşkarlanmışdır. Təqribən 500 nəfər təkrar müayinələrə göndərilmişdir.