Tibbi müayinələr əhalinin sağlamlığının qorunmasına yönələn nəcib təşəbbüs və xeyirxah aksiyadır
Zaqatala, 4 mart (AZƏRTAC). Ölkə əhalisinin tibbi müayinədən keçirilməsi insanların sağlamlığının qorunmasına yönələn çox xeyirxah aksiyadır. Bu aksiya zaqatalalılar tərəfindən də böyük razılıqla qarşılanır və rayon sakinləri tibbi müayinələrdə olduqca fəal və mütəşəkkil iştirak edirlər.
Bu fikirləri rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova AZƏRTAC-a müsahibəsində bildirmişdir.
İcra hakimiyyəti təmsilçisinin məlumatına görə, fevralın 17-dən indiyədək 11 min 570 sakin tibbi müayinədən keçmişdir. Müayinələr əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında beş tibb müəssisəsində aparılır. Onların dördündə müəssisə və təşkilatlardan cəlb olunan işçilərin müayinəsi başa çatdırılmış və əhalinin müayinədən keçirilməsinə başlanmışdır.
Zaqatalada tibbi müayinələrin uğurla davam etdiyini bildirən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva indiyədək müayinə olunan vətəndaşların 2294-nün ambulator, 12-nin isə stasionar müalicəyə cəlb edildiyini diqqətə çatdırmışdır. Baş həkim bildirmişdir ki, bir gün əvvəl Əliabad qəsəbə xəstəxanasında müayinədən keçən sakinlərdən birində appendisit aşkar edilmiş və xəstə təcili əməliyyat olunmuşdur.
Müayinələrdən keçən müəllim Fuad Quliyev, ağsaqqal İslam İnçiyev və digər sakinlər əhalinin sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğıya görə zaqatalalılar adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.