Tibbi müayinənin aparılması əhali tərəfindən yüksək qiymətləndirilir
Qax, 27 fevral (AZƏRTAC). Bu gün xəstəxanaya tibbi müayinədən keçmək üçün gəlmişəm. Məni çox dəqiqliklə müayinə etdilər. Eyni zamanda, burada rentgen, kardioqrama, ultrasəs, laborator müayinələrindən də keçdim, lazımi məsləhətlər aldım. Belə bir məşhur atalar məsəli var: “Sağlam bədəndə sağlam ruh olar”. Dünyanın ən şirin neməti olan cansağlığının qeydinə vaxtında qalmaq lazımdır. Bu, insanı həm gümrahlaşdırır, həm də yaşamağa həvəsini artırır. Eyni zamanda, bu işə dövlət qayğısı da əlavə ediləndə səmərəsi daha çox olur.
AZƏRTAC xəbər verir ki, bu sözləri xəstəxanada müayinədən keçən Qax şəhər sakini Nadir Aşurov jurnalistlərə müsahibəsində demişdir.
Müayinə zamanı həkimlərin vətəndaşlara diqqət və qayğı ilə yanaşdıqlarını, səmimi münasibət bəslədiklərini bildirən rayon sakini demişdir: “Bütün ölkə əhalisinin tibbi müayinədən keçməsi gələcəkdə sağlam nəslin yetişməsinə kömək göstərəcəkdir. İnsanların səhhətinin yaxşılaşdırılması və gələcəkdə uzunömürlü olması üçün belə tədbirlərin əhəmiyyəti çox böyükdür. Əhaliyə belə gözəl şərait yaratdığına görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımızı bildirir, ona cansağlığı arzulayırıq. Arzu edirik ki, atılan bu addımlar uğurlu olsun, respublikamız daha da çiçəklənsin, sağlam nəsil yetişsin”.