Tibbi müayinəyə Kəlbəcərdən olan məcburi köçkünlər də cəlb olunmuşlar
Gəncə, 19 fevral (AZƏRTAC). Əhalinin sağlamlığının qorunmasına yönəlmiş tibbi müayinələrə Gəncədə və ətraf rayonlarda məskunlaşan kəlbəcərli məcburi köçkünlər də cəlb olunmuşlar.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Mehparə Kazımova AZƏRTAC-a demişdir ki, Gəncə və ətraf bölgədə məskunlaşan 25 min 327 nəfər kəlbəcərli məcburi köçkün tibbi müayinədən keçməlidir. Müayinələrin mütəşəkkil keçməsi üçün 4 həkim briqadası yaradılmışdır ki, bu briqadalar da rayon sakinlərinin məskunlaşdıqları şəhər və rayonlarda olur, müayinələr aparırlar. Fevralın 17-dən başlayan müayinələr nəticəsində 1000 nəfərədək kəlbəcərli öz sağlamlıq durumu barədə məlumat əldə edə bilmişdir. Kəlbəcərlilər onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edir, insanların sağlamlığına xidmət edən bu nəcib təşəbbüsü yüksək qiymətləndirirlər.