TİCARƏT MÜNASİBƏTLƏRİ ÖLKƏLƏRİ VƏ XALQLARI YAXINLAŞDIRIR
Y.Şedrin əmindir ki, ticarət münasibətləri ölkələri və xalqları yaxınlaşdırır, çünki bu münasibətlər hazırda strateji tərəfdaşlıq səviyyəsində olan Rusiya və Azərbaycanın ənənəvi əməkdaşlığının tərkib hissəsidir.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi AZƏRTAC üçün məxsusi müsahibəsində dövlətlərimizin bu mühüm istiqamətdə qarşılıqlı fəaliyyətindən, perspektivlərdən və həll edilməmiş problemlərdən danışmışdır.
-Yadımızdadır, prezidentlər İlham Əliyev və Vladimir Putin vaxtilə belə qənaətə gəlmişlər ki, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsini iki dəfə artırmaq üçün hər cür imkan var. Deyəsən, bu hədd artıq keçilmişdir?
-Həqiqətən, təxminən üç il əvvəl dövlətlərimizin başçıları qarşıya iki ölkə arasında əmtəə dövriyyəsini iki dəfə artırmaq vəzifəsi qoymuşlar. Xatırladım ki, onda əmtəə dövriyyəsinin həcmi 500 milyon dollardan bir qədər artıq idi. Lakin ikitərəfli ticarət-iqtisadi əlaqələrin artım sürəti proqnozları ötüb keçmişdir. Artıq ötən ilin yekunlarına görə onların həcmi bir milyardlıq həddi adlamışdır.
-Bəs, sizcə, ümumən Rusiya-Azərbaycan ticarət-iqtisadi münasibətləri cari ilin timsalında necə təşəkkül tapır, uzunmüddətli əməkdaşlıq haqqında ikitərəfli müqavilə kontekstində bu münasibətlərin perspektivləri necədir?
-Ticarət-iqtisadi əlaqələrimizin dinamikası elədir ki, o, Rusiya və Azərbaycan prezidentlərinə bu yaxınlarda keçirilən görüşdə yeni vəzifəni – yaxın iki-üç ildə əmtəə dövriyyəsinin həcmini 2 milyard dollara çatdırmaq vəzifəsini müəyyənləşdirməyə imkan vermişdir. Bundan ötrü sanballı əsaslar var. Onu qeyd etmək kifayətdir ki, ötən 9 ayda ölkələrimiz arasında ixrac-idxal əməliyyatlarının həcmi keçən ildəki rekorda nisbətən 49,8 faiz artaraq, 996 milyon dollara çatmışdır. Proqnozlara görə isə, bu göstərici ilin sonunadək 1,5 milyard dollar təşkil edəcəkdir.
Biz gələcəyə inamla baxırıq. Bu nikbinlik, ilk növbədə, dövlətlərimizin liderləri arasında siyasi dialoqun yüksək səviyyəsinə, ikitərəfli münasibətlərin möhkəm müqavilə-hüquqi bazasına, nəhayət, milli iqtisadiyyatların inkişafında nəzərəçarpacaq uğurlara, onların getdikcə artan potensialına əsaslanır.
Bu gün Azərbaycanda Rusiya kapitallı 400-dən çox müəssisə, o cümlədən 176 müştərək və yüz faiz kapitallı 95 müəssisə, 124 nüməyəndəlik və filial qeydə alınmışdır.
Rusiyanın 70-dək regionu Azərbaycan ilə xarici ticarət fəaliyyətinə cəlb edilmişdir. Regionlararası səviyyədə Azərbaycandakı tərəfdaşlarla ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında 30-dək sənəd imzalanmışdır. 2010-cu ilədək olan dövr üçün Rusiya-Azərbaycan uzunmüddətli iqtisadi əməkdaşlığı proqramı məqsədyönlü surətdə həyata keçirilir.
Bütün bu kifayət qədər genişmiqyaslı işi Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əlaqələndirir və istiqamətləndirir.
Bir sözlə, tərəqqi göz qabağındadır. Lakin həyat bir yerdə dayanıb qalmır. Həmin proqramı qarşılıqlı fəaliyyətimizin proseslərinə və getdikcə genişlənən miqyasına tətbiqini gücləndirmək zərurəti yaranmışdır. Biz azərbaycanlı həmkarlarımızla bu işdə də həmrəyik.
- Siz bu prosesdə ticarət nümanyəndəliyinin rolunu və yerini, onun fəaliyyətinin əsas istiqamətlərini necə təsəvvür edirsiniz?
- Xatırladım ki, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyi RF hökumətinin 2005-ci il 27 iyun tarixli qərarına əsasən yaradılmış və cari ilin martında fəaliyyətə başlamışdır. O, Rusiyanın xarici iqtisadi mənafelərini Azərbaycanda təmsil edən dövlət orqanıdır. Onun başlıca vəzifəsi ikitərəfli ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etməsinə və səmərəliliyinin yüksəlməsinə təkan verməkdir.
Bu gün nəinki ixrac-idxal əməliyyatlarının həcmlərini artırmaq, həm də onların strukturunu təkmilləşdirmək, dərin emallı bütün məhsulun xüsusi çəkisini çoxaltmaq, innovasiya əməkdaşlığını genişləndirmək, qabaqcıl yüksək texnoloji prosesləri birgə öyrənmək və tətbiq etmək lazımdır. Ticarət nümayəndəliyinin fəaliyyəti də Rusiyanın iqtisadi inkişaf və ticarət naziri German Qrefin bu yaxınlarda Bakıya səfəri zamanı qarşımıza qoyduğu həmin məsələlərin həllinə yönəldilmişdir. Yeri gəlmişkən, bu, nazirin Azərbaycana ilk səfəri idi. Ölkədəki sosial-iqtisadi dəyişikliklərin səviyyəsi, Prezident İlham Əliyevin bu siyasəti praqmatikliklə və qətiyyətlə aparması Qref kimi çox təcrübəli mütəxəssisə güclü təsir bağışladı.
Xüsusi nəzərə çarpdırmaq istərdim ki, biz işimizi boş yerdən başlamırıq. Məlumdur ki, Rusiya və Azərbaycanın milli iqtisadiyyatlarında xammal sektoru hələ də üstünlük təşkil edir. Azərbaycana göndərilən Rusiya qazının qiymətinin artması meylinə baxmayaraq, ikitərəfli əmtəə dövriyyəsinin ümumi həcmində xammalın payı 40 faizi keçmir, halbuki üçüncü ölkələrə ixracımızın 70 faizindən çoxunu enerji ehtiyatları təşkil edir.
Ticarət nümayəndəliyi Hökumətlərarası Komissiyanın yanında Elmi-Texniki Əməkdaşlıq Şurası yaradılmasının təşəbbüsçülərindən biridir. Bu orqan həmin istiqamətdə işin əlaqələndiricisi olmalıdır. Eyni zamanda, elə bir qurum da yaratmaq ideyası var ki, o, qabaqcıl təhsil texnologiyalarından istifadə edilməklə, innovasiya fəaliyyəti üçün hər iki ölkənin mütəxəssislərinin təlimi və yenidən hazırlanması ilə məşğul olacaqdır. Əlbəttə, biz azərbaycanlı tərəfdaşlara yüksək texnoloji məhsul və yeni elmi-texniki araşdırmalar təklif edən Rusiyanın biznes strukturlarının təşviqi üçün xarici ticarət fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin digər vasitələrindən də istifadə edəcəyik. Zənnimcə, Azərbaycan tərəfi də rusiyalı həmkarlarına çox şey təklif edə bilər.
Ticarət nümayəndəliyinin hələlik çox da böyük olmayan kollektivində bu vəzifələri uğurla yerinə yetirməyə qadir yüksək peşəkar mütəxəssislər çalışırlar.
- Xahiş edirəm, Rusiyanın xaricdəki ticarət nümayəndəlikləri təsisatı barədə qısaca məlumat verəsiniz.
- RF-nin ticarət nümayəndəlikləri – onlar 50-dən çoxdur – diplomatik korpusun tərkib hissəsidir və Rusiya İqtisadi İnkişaf və Ticarət Nazirliyinin rəhbərliyi ilə fəaliyyət göstərir. Bu yaxınlardan başlayaraq onlar bütün MDB ölkələrində yaradılmışdır. Bu, bir daha inandırıcı şəkildə göstərir ki, Birlik dövlətləri ilə qarşılıqlı fəaliyyət Rusiyanın xarici siyasət və xarici ticarət fəaliyyətinin prioritetidir.
İndi, bazar iqtisadiyyatı şəraitində ticarət nümayəndəliklərinin təyinatı onların xarici ticarət fəaliyyəti üzərində dövlət inhisarının hökm sürdüyü sovet dövründə yerinə yetirdikləri funksiyalardan əsaslı surətdə fərqlənir. İşin tamamilə yeni formaları da, üzərimizə qoyulan yeni vəzifələr də məhz buradan irəli gəlir. Onların mahiyyəti məhsulun, əmtəə və xidmətlərin ixrac və idxalı sahəsində təsərrüfat subyektlərinin fəaliyyətinə qarışmadan, gömrük, vergi, maliyyə, kredit vasitələrindən və dövlət tənzimləməsinin digər vasitələrindən istifadə edərək, həmin subyektlərə bu qarşılıqlı surətdə faydalı əməliyyatları həyata keçirmək üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Praktik baxımdan, söhbət nümayəndəliyin fəaliyyət göstərdiyi ölkənin dövlət orqanları və işgüzar dairələri ilə əlaqələr yaradılmasından və əlaqələrin dəstəklənməsindən, ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıqda hökumətlərarası orqanların işinə kömək etməkdən, bu sahədə müxtəlif müqavilələr və sazişlərin hazırlanmasında və onların bağlanması haqqında danışıqlarda, habelə yarmarkaların, sərgilərın, seminar və konfransların hazırlanmasında və keçirilməsində iştirakdan, investisiya layihələrinin gerçəkləşdirilməsinə yardımdan və digər vəzifələrdən gedir.
-Bəzi qəzetlər sizi Vətənə qayıtmağınız münasibətilə təbrik etdilər. Görünür, əslən bakılı olmağınız işin çəmini tez tapmağa, ticarət nümayəndəliyinin fəaliyyətini gücləndirməyə kömək edir?
-Bəli, mən, həqiqətən, Bakıda doğulmuşam və 45 il burada yaşamışam. İş elə gətirdi ki, Moskvaya köçməli oldum. Orada Rusiya parlamentinin yuxarı palatasının – Federasiya Şurasının aparatında işləyirdim.
Yenidən doğma Bakıya qayıtmağıma görə xoşbəxtəm. Bu gözəl və qədim şəhərlə məni ən xoş duyğular və xatirələr, dostlar və keçmiş iş yoldaşlarım bağlayır. Ürəkdən şadam ki, onların çoxu yenə də hakimiyyət qurumlarında və biznes sahəsində aparıcı vəzifələr tutur. Bu hal, eləcə də Azərbaycan xalqının mentalitetini və adət-ənənələrini bilməyim öz vəzifələrimi daha yaxşı yerinə yetirməyə, deməli, daha böyük fayda gətirməyə imkan verir.
-Bəs Bakıda, Azərbaycanda baş vermiş dəyişikliklər barədə təəssüratınız necədir?
-Azərbaycanın iqtisadiyyatda parlaq nailiyyətlərinə, onun beynəlxalq aləmdə imic və nüfuzunun yüksəlməsinə heyran qalmaya bilmərəm. Bu gün Bakı, ümumən, bütün ölkə böyük bir tikinti meydanını xatırladır. Vaxtilə boş qalan Abşeron torpaqlarında gözoxşar imarətlər ucaldılmışdır. Öz əvvəlki fəaliyyətimlə əlaqədar sizinlə qonşu ölkələrə tez-tez gedən bir insan kimi deyə bilərəm ki, Azərbaycan tərəqqi sahəsində onlardan çox-çox qabağa getmişdir. Lakin ancaq Bakıya və bakılılara xas qonaqpərvərliyin və xeyirxahlığın təkrarsız mühitinə bir daha düşmək, bakılıların mehriban və fərəhli simalarını görmək mənim üçün daha xoşdur.
-Bir neçə söz də bioqrafiyanızın “Moskva dövrü”, ailəniz, marağınız barədə.
-Hesab edirəm ki, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında təxminən 12 illik iş dövrü həyatımda mühüm mərhələ oldu. Rusiyanın bir sıra ciddi siyasətçiləri ilə çiyin-çiyinə işləmək məni istər peşəkarlıq, istərsə də mütəşəkkillik baxımından xeyli zənginləşdirdi. Mən bundan da məmnunluq duyuram ki, Rusiya-Azərbaycan parlamentlərarası əlaqələrinin möhkəmlənməsi işinə bacardığım töhfəni vermişəm, Rusiyada Azərbaycan İlinin və indi Azərbaycanda başa çatmaqda olan Rusiya İlinin uğurlu keçməsinə kömək etmişəm.
Təxminən 20 il Bakıda yaşamış həyat yoldaşım vaxtilə onun üçün doğma olmuş şəhərlə görüşü səbirsizliklə gözləyir. Bakıda doğulan oğlum və qızım da bu arzu ilə yaşayırlar. Mən onların reklam biznesi sahəsində irəliləyişindən razıyam. Lakin bir övlad kimi onlar məni xoşbəxt baba etməyə borcludurlar.
Maraqlara gəldikdə, təəssüf ki, onlara vaxtım qalmır. Buna baxmayaraq, hərbi xatirələri oxumağı, ciddi musiqini dinləməyi sevirəm. Milli Opera və Balet Teatrında bütün mühüm tamaşaları buraxmamağa çalışıram.