Tikintidə təhlükəsizliyin təmin edilməsi diqqət mərkəzində saxlanılır
Naxçıvan, 1 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın tikinti təşkilatları nümayəndələrinin, yerli icra hakimiyyəti orqanlarının baş memarlarının və layihəçilərin iştirakı ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintidə təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulan qaydaların tətbiqi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov muxtar respublikada digər sahələrlə yanaşı, tikinti sahəsinin də sürətlə inkişaf etdiyi bir dövrdə tikintidə təhlükəsizliyin əhəmiyyətli məsələ olduğunu qeyd edib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımov məcəllədə obyektin tikintisinə icazə verilməsi üzrə icraat, işçi layihə sənədlərinin tikinti üçün layihə sənədləri sistemi standartlarının tələblərinə uyğun işlənilməsi, tikinti layihələrinin ekspertizadan keçirilməsi, bu sahəyə dövlət nəzarətinin həyata keçirilməsinin məqsədi və mahiyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, qanunvericiliyə əsasən sənədlərin tamlığı təmin edildikdən sonra tikinti layihələrinin ekspertizadan keçirilməsi üçün Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə göndərilməlidir. Yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilməli və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunmalıdır.
Məruzə ətrafında Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin dövlət ekspertiza mərkəzinin sektor müdiri Şəfəq Cəfərova, tikinti müfəttişliyi sektorunun baş məsləhətçisi Tural Hüseynov, nazirliyin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin texniki tənzimləmə işinin təşkili sektorunun müdiri Aydın Quliyev, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədov çıxış ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.