Topdansatış ticarət dövriyyəsi azalıb
Bakı, 18 noyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə topdansatış ticarət dövriyyəsi faktiki qiymətlərlə 5,8 faiz azalaraq 20 milyard 58,7 milyon manata bərabər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dövriyyənin 31,3 faizini ərzaq məhsulları, 10,1 faizini içkilər və tütün məmulatları, 14,5 faizini bərk və maye yanacaqlar, 7,4 faizini toxuculuq məhsulları, geyim və ayaqqabılar, 5,1 faizini əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 2,2 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 1,8 faizini elektrik malları və mebellər, 27,6 faizini isə digər qeyri-ərzaq malları təşkil edib.
Pərakəndə ticarət dövriyyəsinin 57 faizi Bakı şəhərinin, 5 faizi Mərkəzi Aran iqtisadi rayonunun, hər biri 4,5 faiz olmaqla Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarının, 4,4 faizi Gəncə-Daşkəsən iqtisadi rayonunun, 4 faizi Qazax-Tovuz iqtisadi rayonunun, 3,7 faizi Naxçıvan Muxtar Respublikasının, hər biri 3,4 faiz olmaqla Şirvan-Salyan və Quba-Xaçmaz iqtisadi rayonlarının, 3,3 faizi Şəki-Zaqatala iqtisadi rayonun, hər biri 2,5 faiz olmaqla Qarabağ və Mil-Muğan iqtisadi rayonlarının, 1,8 faizi isə Dağlıq Şirvan iqtisadi rayonunun təsərrüfat subyektlərinin ticarət fəaliyyəti sayəsində yaranıb.