Toronto 2024-cü il Yay Olimpiadasına ev sahibliyi uğrunda mübarizədən imtina edib
Bakı, 16 sentyabr, AZƏRTAC
Kanadanın ən iri şəhəri Toronto 2014-cü il Yay Olimpiadasına ev sahibliyi uğrunda mübarizədə iştirakdan imtina edib. Toronto meri Con Tori bu məlumatı təsdiq edərək bildirib ki, gələcəkdə bu şəhər Oyunlara ev sahibliyi etmək üçün hökmən müvafiq müraciət edəcək və əlindən gələni əsirgəməyəcək.
TASS agentliyi Torinin bu sözlərini sitat gətirir: “Mən Olimpiadaya “yox” demirəm, mən “indi yox” deyirəm”.
Toronto meri müvafiq sifariş verilməsindən imtina olunması barədə qərar qəbul etməkdən əvvəl investorlar, meqapolis hökumətinin üzvləri, idmançılar, habelə Kanada olimpiya komitəsinin və beynəlxalq olimpiya komitəsinin (BOK) nümayəndələri ilə çoxsaylı danışıqlar aparıb.
Tori qeyd edib ki, meqapolis nəqliyyat infrastrukturunun inkişafına və mənzil tikintisinə sərmayə qoymalıdır.
Mer vurğulayıb: “İndi Toronto Oyunların keçirilməsinə hazır deyil. İndi biz ilk növbədə şəhəri onun sakinləri üçün əlverişli vəziyyətə gətirməliyik”.
“R-Sport” agentliyinin verdiyi məlumata görə, son ictimai rəy sorğuları göstərib ki, şəhər əhalisinin yalnız az bir qismi Olimpiada keçirilməsi üçün sifariş verilməsini dəstəkləyir, adamlar bu tədbirin keçirilməsi ilə bağlı xərclər və onun səmərəsi ilə daha ətraflı tanış olandan sonra onun əleyhdarlarının sayı artmaqdadır.
İndiyə qədər Toronto Olimpiadaya ev sahibliyi üçün beş dəfə, o cümlədən 2008-ci ildə uğursuz iddialar irəli sürüb, o vaxt Oyunların paytaxtı kimi Pekin seçilib.
Keçən həftə Roma və Hamburq da 2024-cü il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət ediblər. Bundan əlavə, Paris (Fransa), Los-Anceles (ABŞ) və Budapeşt (Macarıstan) şəhərləri də həmin Olimpiadanın keçirilməsinə namizədlərdir.
Sifarişlərin qəbulu sentyabrın 15-də başa çatıb. Namizəd şəhərlərin siyahısı gələn ilin aprel-may aylarında qəti təsdiq ediləcək, mübarizənin qalibi isə 2017-ci ildə müəyyən olunacaq.