Tovuz rayonunda arxeoloji tədqiqatlar aparılır
Bakı, 19 iyun (AZƏRTAC). İyun ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yanında Göytəpə Arxeoloji Parkında arxeoloji tədqiqat işlərinə başlanılmışdır.
Tovuz rayonun Göytəpə qədim yaşayış yerində tədqiqatlar 2008-2011-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya-çöl xərcləri vəsaiti hesabına aparılmışdır. Bundan əlavə, araşdırmalar 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrantların verilməsi üzrə 2011-ci ilin I müsabiqəsinin qalibi olmuş “İlkin sivilizasiyaları əks etdirən arxeoloji komplekslər (Göytəpə neolit dövrü abidəsi - açıq səma altında arxeopark)” layihəsinin yerinə yetirilməsi planı və mərhələlərinə müvafiq olaraq həyata keçirilir.
Göytəpə arxeoloji kompleksinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev AZƏRTAC-a bildirmişdir ki, builki tədqiqatlar keçən mövsümlərdən fərqli xüsusiyyətlərlə seçiləcəkdir. Bu il Göytəpə qədim yaşayış yerində qazıntılar konservasiya və bərpa işləri ilə paralel aparılacaqdır. Həmçinin Arxeoloji Parkın ərazisində qədim yaşayış məskəninin qazıntılar zamanı aşkar olunmuş bina tikililəri modellərindən (yerli erkən əkinçi tayfalara aid neolit dövrünün memarlıq üslubuna uyğun) ibarət muzeyin təşkil olunması və bina tikililərin içəri hissələrində erkən əkinçilər epoxasının yaşam tərzinin bərpası işləri aparılacaqdır.
İyulun sonlarında Göytəpə arxeoloji kompleksinin tədqiqatlarına Yaponiyanın Tokio Universitetinin mütəxəssisləri qoşulacaqlar. Bundan əlavə, arxeoloji kompleksin tədqiqatlarında Rusiya və Türkiyədən bir sıra mütəxəssislərin iştirakı da gözlənilir.