CƏMİYYƏT
Tovuz Regional Sınaq Laboratoriyası milli akkreditasiyadan keçib
![](/files/galleryphoto/2022/3/1200x630/1665577907599320595_1200x630.jpeg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə ölkədə istehsal edilən, eyni zamanda idxal və ixrac olunan qida məhsullarının, aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, eləcə də qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyaları ən müasir cihaz və avadanlıqlarla təchiz edilib.
İnstitutun İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, institutun “Analitik Ekspertiza Mərkəzi”nin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülür.
Bu dəfə İnstitutun Tovuz Regional Sınaq Laboratoriyasının akkreditasiya sahəsinə daxil olan metodlar üzrə qiymətləndirilməsi aparılaraq Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditə olunub. Belə ki, laboratoriyanın AZS/ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğunluğu təmin edilib.
Bununla yanaşı, Tovuz Regional Sınaq Laboratoriyası İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən təşkil edilən səriştəlilik test proqramlarında da uğurla iştirak edib.
Qeyd edək ki, AQTİ-nin nəzdində fəaliyyət göstərən Tovuz Regional Sınaq Laboratoriyası ən müasir cihaz və avadanlıqlarla təchiz edilib. Laboratoriyada heyvan və bitki sağlamlığı üzrə patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir.