Tovuzda Aprel şəhidinin xatirəsi anılıb
Tovuz, 8 aprel, AZƏRTAC
Aprelin 7-də Tovuz rayonunun Bayramlı kəndində 2016-cı ilin aprelində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş gizir Mirsalam Cəfərovun məzarı önündə anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə xəbər verir ki, rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşlarının, kənd sakinlərinin, şəhidin oxuduğu məktəbin kollektivinin iştirak etdiyi mərasimdə çıxış edənlər Azərbaycan əsgərinin ötən ilin aprel ayının əvvəlində cəbhənin təmas xəttində ermənilərin təxribatına cavab olaraq göstərdiyi qəhrəmanlığı yüksək dəyərləndiriblər. Bildirilib ki, aprel ayının 2-dən 5-dək Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində növbəti təxribatlar törədilib. Düşmən layiqli cəzasını alıb. Azərbaycan Ordusu tərəfindən düşmənin bir sıra atəş nöqtələri sıradan çıxarılıb. Bir sıra mühüm məntəqələr azad olunub.
Sonra gizir Mirsalam Cəfərovun aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqdan söz açılıb.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan xalqı Milli Ordumuza güvənir, xalqla ordu daim birlikdədir. Qüdrətli ordumuz işğal altındakı torpaqlarımızı tezliklə azad edəcək, Azərbaycanın dövlət bayrağı Xankəndidə, Şuşada və işğal edilmiş digər ərazilərimizdə dalğalanacaq.
Şəhidin atası Təvəkkül Cəfərov övladının göstərdiyi qəhrəmanlıqdan qürur duyduğunu bildirib.
Şəhidin məzarı üzərinə güllər düzülüb. Bayramlı kənd tam orta məktəbinin şagirdləri Vətənə, xalqa və qələbəyə həsr olunmuş şeirlər oxuyublar.
Xatırladaq ki, Mirsalam Cəfərov ölümündən sonra müdafiə naziri Zakir Həsənov əmri ilə 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.